“Biz erməni tərəfdaşlardan KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üzrə substantiv işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyirik. Rusiya tərəfi belə bir işə hazırdır ki, bu da İrəvana yaxşı məlumdur”.
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə, KTMT-nin bütün lazımi formatları, qarşılıqlı fəaliyyət kanalları yaradılıb, bütün iştirakçılar bu istiqamətdə işləməyə hazırdır. Zaxarova həmçinin vurğulayıb ki, Moskva Praqada səslənən və Ermənistan rəhbərliyinin Aİ-nin bu ölkədəki missiyasına verdiyi qiyməti qeydə alıb. Zaxarova Ermənistan baş nazirinin sözlərini misal çəkib. Paşinyan qeyd edib ki, Aİ müşahidəçilərini ölkəyə dəvət etmək qərarı asan olmayıb, çünki bu, heç bir təhlükəsizlik zəmanəti vermir.
Görünən odur ki, Rusiya hələ də KTMT missiyasını Azərbaycanla sərhəddə yerləşdirmək istəyir, amma Ermənistan bunu istəmir. Bu da Ermənistanla Rusiya arasında əməlli-başlı bir problemə çevrilib.
“Zaxarova ona görə bunu israrla təkrarlayır ki, Rusiya bu məsələdə Aİ-nin təşəbbüsü öz əlinə almasından narahatdır”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistan KTMT missiyasını sərhəddə yerləşdirməyə maraqlı olsaydı, o zaman Avropa İttifaqı missiyasını birtərəfli şəkildə dəvət etməzdi: “Paşinyan yaxşı bilir ki, belə bir addım atsa, bu, Avroittifaqın timsalında yaxşı qarşılanmayacaq. Onsuz da Ermənistan böyük ölçüdə Rusiyadan asılıdır. İqtisadiyyat Rusiyadan asılı. Bu ölkənin sərhədlərinin əhəmiyyətli hissəsini ruslar qoruyur. Üstəlik, Rusiyanın hərbi bazaları bu ölkədə yerləşir. Bu tərəfdən də Azərbaycanala sərhəddə KTMT qüvvələrinin yerləşdirilməsi Paşinyana rəsmən məzar qazılması anlamına gəlir. Ən başlıcası isə, bu, Avropa İttifaqında xoş qarşılanmazdı. Üstəlik bu, Rusiya qüvvələri ilə Aİ missiyası arasında potensial toqquşma risqi deməkdir. Bu səbəbdən Ermənistan rəhbərliyi KTMT missiyasının sərhəddə yerləşdirilməsindən yayınır. Zaxarova ona görə bunu israrla təkrarlayır ki, Rusiya bu məsələdə Aİ-nin təşəbbüsü öz əlinə almasından narahatdır. Məsələ ondadır ki, Kreml heç cür onun forpostu olan bir ölkədə Qərbin rolunun artmasını həzm edə bilmir. O üzdən, davamlı olaraq bu məsələni gündəmə gətirirlər. Ancaq hələ ki, Paşinyan buna müqavimət göstərir. Paşinyanın nə dərəcədə bu təzyiqlərə duruş gətirəcəyini demək çətindir. Bu, daha çox Ukraynada gedən proseslərdən asılı olacaq. Paşinyan görsə ki, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək, o zaman Qərbə yönəlik manevrlərini daha da artıracaq. Yox, əks istiqamətdə proseslər gedərsə, o zaman Paşinyan geri addım atacaq. Ona görə də sözügedən proseslər hələ bir müddət belə ziddiyətli formada davam edəcək”.
Vidadi ORDAHALLI