Prezident İlham Əliyev MDB ölkələrinin bir sıra rəhbərlərindən fərqli olaraq, Moskva şəhərində Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən 9 May Qələbə Paradında iştirak etməyib.
Prezident Əliyev bu il, qabaqkı illərdən fərqli olaraq, Bakıdan deyil, Şuşa şəhərindən müharibə veteranlarını təbrik edib, bir sıra inzibati binaların açılışını reallaşdırıb.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Dünya mətbuatı Prezident İlham Əliyevin parada dəvət olunması və tədbirdə iştirak etməməsi haqda məlumatlara xüsusi yer ayırıb.
Prezident Əliyevin paradda iştirak etməməsini nə ilə izah etmək olar?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Rusiya tərəfindən 9 May paradı ilə bağlı Azərbaycan Prezidentinə rəsmi təklif göndərilib: “İlham Əliyev mərhum Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Moskvadakı tədbirə gedə bilməyəcəyini qarşı tərəfə bildirib. Bu haqda Rusiyanın "Birinci kanalı" məlumat yayıb. Bu, məsələnin rəsmi tərəfidir.
Ancaq paradda bir çox MDB ölkələrinin başçıları təmsil olunub. Ukrayna və Moldova isə Qələbə Gününü Rusiya ilə bölüşməyib. Hesab edirəm ki, hər hansı səbəbdən olsa da, Azərbaycan ölkə başçısının paradda iştirak etməməsi çox düzgün addım olub. Azərbaycan bununla həm də Moskvadan asılı olmadığını, müstəqil siyasət yürütdüyünü göstərmiş oldu. Qoy Paşinyanı və Ermənistanı hər addım başında müdafiə edən Qərb ölkələri bundan bir nəticə çıxarsın. İşğalçı saydıqları Rusiyanın təşkil etdiyi paradda demokrat saydıqları Paşinyan necə həvəslə iştirak edirdi. Azərbaycan bunu Qərb tərəfdaşlarının qarşısında bir fakt kimi qoymalıdır. Paşinyanın əslində Qərbin deyil, işğalçının yanında olduğunu sübut edən ən mötəbər sübutdur. Bu fakt Ermənistanın Rusiyanın vassalı olduğunu bir daha sübut etdi. Azərbaycanın bu addımını müsbət dəyərləndirirəm. Amma bunu düzgün təbliğ etməyi bacarmalıyıq. Qərbin təşkil etdiyi tədbirlərdə, media məkanında bunu təbliğ etməyə çalışmalıyıq. Qoy Ermənistanla Azərbaycanın fərqi bir daha aydın görünsün. Azərbaycan-Ermənistan qarşıdurmasında özünü demokratilk sayan ölkələr kimin yanında olduqlarının fərqinə varsınlar”.
Məhəmmədəli QƏRİBLİ