Rəsmi İrəvan tərəfindən KTMT-nin ünvanına ictimai şəkildə səsləndirilən tənqidləri qeyri-məhsuldar hesab edirik.
Xəbər verildiyi kimi, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib ki, erməni tərəfinin bunu kənarda müzakirə etməsi çaşqınlıq yaradır: “Ermənistan rəhbərliyinin təşkilatın səmərəliyini onun özündən kənarda müzakirə etmək səyləri çaşqınlıq yaradır. KTMT əməkdaşlığın qurulması ilə bağlı bütün lazımi formatlara malikdir. Ən başlıcası isə, bu təşkilatın, strukturun iştirakçıları, nəinki bunları dinləməyə, həmçinin bu istiqamətdə işləməyə də hazırdırlar”.
Qeyd edək ki, bu yaxınlarda Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərində çətinliklər olduğunu açıqlayıb: “Hesab edirik ki, KTMT Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. Keçən il biz KTMT-nin sammitinə ev sahibliyi etdik, lakin təəssüf ki, mühüm qərarlar üzərində konsensusa gələ bilmədik. Biz mövqeyimizi, təşkilatdan narazılığımızı bildirdik”.
Belə bir bəyanat nə dərəcədə doğru sayıla bilər ki, Ermənistanın bu məsələni kənarda müzakirə etməsi təəccüblüdür? Rusiyanın Ermənistanın bu ittihamına qarşı daha kəskin addımları ola bilərdimi? Təbii ki, ola bilərdi, amma olmadı. Maraqlıdır, Rusiya niyə Ermənistanın bu ittihamları ilə bağlı kəskin addımlar atmadı?
“Moskva daha kəskin tənqidi mövqedən çıxış etsə, bu, Qərbə sığınmaqdan ötrü Paşinyan üçün əlavə bir bəhanə olacaq”
“Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Zaxarovanın sözügedən məsələyə yumşaq reaksiya verməsini müəyyən faktorlarla əlaqələndirdi: “Ümumilikdə, Paşinyanın zaman-zaman KTMT və Rusiya ilə bağlı tənqidi fikirləri dünya mediasında müəyyən marağa səbəb olub. Ancaq bir sıra hallarda Rusiya rəsmiləri bunu görməzdən gəlir. Bu dəfə Zaxarovanın timsalında Rusiyanın rəsmi reaksiyası oldu, amma bu cavab o qədər də adekvat olmadı. Reallıq ondan ibarətdir ki, Ermənistan hökumətində və cəmiyyətində Rusiya və KTMT ilə bağlı mənfi münasibət formalaşıb. Özü də bu yeni deyil, xeyli vaxtdır belədir. Ermənilər hesab edir ki, 44 günlük müharibədə Azərbaycanla Ermənistan yox, KTMT döyüşməli idi. Bu da tpik erməni xislətidir. Çünki bunlar adətən başqasının əli ilə özlərinə dividend qazanmağa çalışırlar. Ümumilikdə, Rusiyanın Paşinyana kəskin cavab verməməsi bu ölkənin düşdüyü vəziyyətlə əlaqədardır. Məsələ ondadır ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiya heç də yaxşı vəziyyətdə deyil. Bu ölkəyə yönəlik hərtərəfli beynəlxalq basqı var. Eyni zamanda, Ermənistanı Rusiyanın caynağından çıxarmaq istəyirlər. Ona görə də Kreml çalışır ki, Ermənistanı öz orbitində saxlasın. Zatən, Paşinyan Rusiyadan uzaqlaşmağa cəhd edir. Belə bir vəziyyətdə Moskva daha kəskin tənqidi mövqedən çıxış etsə, bu, Qərbə sığınmaqdan ötrü Paşinyan üçün əlavə bir bəhanə olacaq. Zaxarovanın KTMT ilə bağlı yumşaq reaksiyası həm də bundan irəli gəlir. Başqa bir tərəfdən, Ermənistan onsuz da bunların forpostudur. Məsələnin bu tərəfini də nəzərə almaq lazımdır. Rusiya onu da bilir ki, ermənilər hər dəqiqə onları satmağa hazırdılar. Əslində ermənilər istənilən tərəfi satmağa hazırdılar, təki onların istəyi reallaşsın”.
Vidadi ORDAHALLI