Xaricdə fəaliyyət göstərən erməni diasporu ilə Nikol Paşinyan hökuməti arasında dərin çatlar yarandığı barədə fikirlər mövcud idi. Son baş verən olay bunun yalan olmadığını, həqiqət olduğunu ortaya çıxardı.
Erməni diasporundan göndərilən ianə hesabına dolanan Ermənstan hökumətinin onlardan gələn vəsaiti “xalqın rifahı” naminə deyil, öz maddi tələbatını qarşılamaq üçün istifadə etməsi ciddi narazılıq yaradıb. Diaspor artıq Ermənistana göndərdiyi pulun aqibəti ilə maraqlanmağa başlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın 5 may tarixli qərarı ilə Almaniyaya ezam olunan Diasporla İş üzrə baş komissar Zare Sinanyan bu ölkədə xoşagəlməz halla və ittihamlarla qarşılaşıb. Bu barədə görüntülər “Yerkir” qəzetinin və “Yerkir.am” saytının baş redaktoru Vaqe Sarkisyanın social şəbəkədə yaydığı videoda əks olunub. Belə ki, videoda görsənən şəxslərdən biri Ermənistana göndərdiyi 150 milyon dollar vəsaitin hara xərcləndiyinə dair hesabat tələb edir. Almaniyadakı erməni diasporu Paşinyanın komandasından İrəvana göndərdikləri 150 milyon dollar pulun hesabatını istəyir. Qeyd edilir ki, hökumət yardım üçün göndərilən bu qədər vəsaiti hara xərcləndiyinin hesabatını verməlidir. Erməni diaspor artıq olay çıxarmağa başlayıb.
“Hesab edirlər ki, hökumətdə təmsil olunanlar bu vəsaiti mənimsəyib, ona görə də onun hesabatını tələb edirlər”
Məsələyə şərh verən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə “Son dövrlər Paşinyan hökuməti ilə erməni diasporu arasında çatlar daha da dərinləşməyə doğru gedir. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistanın diaspordan gələn pulları uyğun istiqamətə xərcləmədiyinə dair ortada ciddi faktlar var. Həmçinin, axır vaxtlar Paşinyanın özəlliklə Rusiyanın siyasi təsirindən qopa bilməməsi, üzdə Qərbyönümlü obrazı yaratsa da, Rusiyanın təsir rıçaqları altında əzilib yox olması Ermənistana ianə verən müəyyən dairələri ciddi şəkildə narahat edir. Bu dairələr Ermənistan hakimiyyətinin diaspor tərəfindən verilən pulları mənimsədiyini düşünür. Hesab edirlər ki, hökumətdə təmsil olunanlar bu vəsaiti mənimsəyib, ona görə də onun hesabatını tələb edirlər” - deyə bildirdi.
T.İsmayılov qeyd etdi ki, hazırda Avropadakı erməni diasporu ilə Rusiyadakı erməni diasporu arasında ciddi qarşıdurma var, aralarındakı vəziyyət ciddi şəkildə dalana dirənib. Politoloq əlavə etdi ki, həmçinin Paşinyanın Rusiyadakı erməni disporu ilə vəziyyəti yaxşılaşdırmaq üçün danışıqlar apardığı vurğulanır. “Bu da Qərbdəki erməni lobbisini ciddi şəkildə narahat etməyə başlayıb. Bu baxımdan hesab edirəm ki, Ermənistan hakimiyyəti ilə diaspora arasındakı vəziyyət get-gedə daha da dərinləşəcək, bütövlükdə bu, Ermənistanda çox ciddi kataklizmlərə səbəb olacaq” - deyə qeyd edən T.İsmayılov 150 milyon dollar qalmaqalının da təsadüfi olmadığını bildirdi.
Leyla QARAXANLI