Prezident Əliyev Şuşadan xalqa müraciətində Orta Dəhlizin təməlinin Heydər Əliyevin dövründə qoyulduğu haqda danışarkən deyib ki, bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib:
“Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki, bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.
Azərbaycanın “Orta dəhliz konfransını" hələ 22 il əvvəl keçirməsi uzaqgörən siyasətin bariz nümunəsi sayıla bilərmi?
İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qlobal miqyasda “Orta dəhliz”ə marağın artmasında, heç şübhəsiz, Azərbaycan müstəsna rola malikdir: “Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır. Prezidentin çıxışından bir daha məlum oldu ki, bu həm də zamanında yürüdülən uzaqgörən siyasətin bəhrəsi də sayıla bilər.
Bütün çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə verib. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edən bir nəqliyyat dəhlizində söz sahibi olmaq indiki dövrdə xeyli problemin həll olunması, regionda güc deməkdir. Bu baxımdan cənab Prezident İlham Əliyevin maraqların toqquşduğu bir regionda mahir diplomatik bacarığı və yürütdüyü siyasətlə Azərbaycanın iqtisadi və regional maraqlarını özündə əhatə edən məsələlərdə qətyyətli mövqeyi çox mühüm əhəmiyyət daşıyır”.
Ekspertin sözlərinə görə, hazırda dünyanın bir çox bölgəsində baş verən hərbi toqquşmalar və siyasi çəkişmələr dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir: “Xüsusilə Rusiya ilə Ukrayna arasında baş verən müharibə və bunun nəticəsində Rusiya üzərinə qoyulan çoxsaylı sanksiyalar dünyanın müxtəlif bölgələri arasında beynəlxalq ticarəti və logistika əməliyyatlarını iflic vəziyyətinə salır. Belə bir şəraitdə dünya iqtisadiyyatının dayanıqlılığını təmin etmək üçün Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət kəsb edir və bu dəhliz üzərində yerləşən Azərbaycan üçün də yeni imkanlar yaranır. Bir daha sübut olunur ki, Azərbaycanın dövlət siyasəti uzun illərdən bəri düzgün müəyyənləşmiş strateji siyasi kursa uyğun şəkildə davam etdirilir”.
Məhəmmədəli QƏRİBLİ