Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bəyan edib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh müzakirələrində iştirakı davam etdirməsi barədə xəbərləri alqışlayır: “Biz bir daha əmin olduğumuzu bildiririk ki, sülh yaxındır və birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”.
Burada diqqəti çəkən məqam odur ki, ABŞ davamlı olaraq birbaşa dialoq, yəni vasitəçilər olmadan tərəflər arasında danışıqların keçirilməsi çağrışı ilə çıxış edir, amma hansı tərəfin bundan qaçdığını qeyd etmir. Halbuki, Şuşada keçirilən tədbirdə Prezident İlham Əliyev də bəyan etdi ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır.
Maraqlı olan məqam odur ki, hələ də Ermənistan birbaşa danışıqların aparılması ilə bağlı mövqe ortaya qoymayıb. Ermənistan nəyə görə birbaşa danışıqların aparılmasının tərəfdarı olduğunu bəyan etmir?
“Başqa bir tərəfdən, rəsmi İrəvan prosesi uzatmaqdan ötrü birbaşa təmaslardan yayınır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayev bunu bir sıra amillərlə əlaqələndirdi: “Hamı başa düşür ki, Azərbaycan-Ermənistan münaqişəsinin ideya rəhbəri Rusiyadır. Rusiya olmadan tərəflər arasında münasibətləri yoluna qoymaq daha məqbul və asandır. Ancaq problem ondadır ki, sözügedən məsələdə Rusiyanın kənarda qalması çətin məsələdir. Çünki Rusiya bununla barışmır və Kreml nəyin bahasına olursa-olsun, tərəflərə mesajlar verir. Mesajların mahiyyəti ondan ibarətdir ki, Moskvasız bu məsələnin həllinə səy göstərməyin. Ona görə də Birləşmiş Ştatların, Azərbaycanın və digər tərəflərin birbaşa danışıqlarla bağlı çağırışlarına baxmayaraq, Ermənistan bundan qaçır. Ermənistan ona görə birbaşa danışıqlardan yayınır ki, Rusiyadan çəkinir. Bu səbəbdən indiyə qədər bununla bağlı mövqe ortaya qoymayıb. Bununla həm də göstərməyə çalışırlar ki, Rusiyadan qurtulmadan problemlərin həlli çətin məsələdir. Bu arada Paşinyanın Moskva səfəri onu göstərir ki, Rusiya regiondan çəkilmək istəmir. Qarabağ amilindən hər iki dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək məqsədi güdür. Bax budur əsas problem. Çünki Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun təmin olunması Rusiyanın Cənubi Qafqazda mövcud olmasına birbaşa əngəl törədir. Ermənistandakı Paşinyan hakimiyyəti də, təəssüf ki, həm zəifdir, həm də dəyişkən mövqeyə malikdir. Rusiyanın Ermənistandakı təsir mexanizmlərinə qarşı çox da dişli deyil. Bu səbəbdən Moskvadan çəkinir. Başqa bir tərəfdən, rəsmi İrəvan prosesi uzatmaqdan ötrü birbaşa təmaslardan yayınır. Hesab edirlər ki, prosesi maksimum uzatsalar, bu, hansısa mərhələdə onların xeyrinə işləyə bilər. Yəni hansısa mərhələdə geosiyasi vəziyyət onların xeyrinə dəyişəcək. Nəticədə onlar bundan öz məqsədləri üçün istifadə edəcəklər, danışıqlarda güclü tərəf olacaqlar və s. Ancaq hesab edirəm ki, onların bu gözləntiləri illüziyadır”.
Vidadi ORDAHALLI