Həyasızlığın dərəcəsinə bax ki, Ermənistan Təhlüləsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə ilə münasibətlər məsələsində "Nemesis" abidəsinə haqq qazandırıb.
A.Qriqoryan bəyan edib ki, İrəvanda "Nemesis" abidəsinin ucaldılması Ermənistanın daxili işidir və heç kimin müdaxilə etmək hüququ yoxdur. Terrorçulara abidə qoyduğuna görə Türkiyəni qəzəbləndirən ölkənin rəsmisi iddia edib ki, Ankara ilə münasibətlər məsələsində İrəvanın mövqeyi dəyişməz olaraq qalır: “Rəsmi İrəvanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yanaşması dəyişməzdir. Münasibətlərinin normallaşmasında şərt olmamalıdır, heykəl qoymaq Ermənistanın daxili işidir. Bu, Ermənistanın daxili işidir. Heç kimin bu cür məsələlərə qarışmaq hüququ yoxdur”.
Üstəlik, İrəvan meriyası da bildirib ki, "Nemesis" abidəsini sökmək fikrində deyil.
Qeyd edək ki, sözügedən abidənin qoyulmasından sonra Türkiyə hava məkanını Ermənistanın üzünə bağlayıb.
Ermənistan bir tərəfdən Türkiyə ilə münasibətlərin düzəlməsini istəyir, o biri tərəfdən terrorçulara abidə qoymaqla rəsmi Ankaranı qıcıqlandıracaq addımlar atır. Bütün bunlar nə deməkdir?
“Faşist siyasət sərgiləməklə Ermənistan özü bundan itirəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı Ermənistanın Türkiyə ilə bağlı belə ziddiyətli mövqedən çıxış etməsini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Ermənistan siyasi-iqtisadi baxımdan zəifdir və Rusiyanın forpostu ölan bir ölkədir. Bir ölkənin ki, əsas strateji obyektləri Rusiyanın mülkiyyətindədir, sərhədlərini rus hərbçiləri qoruyur, o ölkənin müstəqil siyasət yeridə bilməsindən danışmaq gülüncdür. Bunlar uzun zaman müstəqil siyasət yeridə bilməyiblər. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Rusiyadan bir qədər uzaqlaşma meylləri olsa da, orada vahid komandanlıq yoxdur. O üzdən, hərə bir cür açıqlama verir. Ermənistan parlamentində qatı faşist əqidəli deputatlar da var, sosial-demokratlar da var. O cümlədən, nisbətən liberal mövqedən çıxış edən siyasilər də var. Ona görə də ölkə ortalıqda qalıb. Krılovun təmsilində olduğu kimi, Ermənistanı hərə bir tərəfə çəkir. Ermənistanda mövcud Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətlərin yaxşılaşmasına meyl edir. Ancaq digər siyasi qüvvələr, əsasən də parlamentdə təmsil olunan və Rusiyaya bağlı olan siyasi qüvvələr tamamilə əks mövqedən çıxış edirlər. Türkiyə ilə münasibətlərin qurulmasına qarşıdılar. Ermənistanın hakimiyyət rəsmilərinin terrorçulara qoyulan “Nemesis” abidəsinə belə ziddiyətli yanaşmaları bundan irəli gəlir. Gah deyirlər ki, hakimiyyətin bununla əlaqəsi yoxdur, abidəni İrəvan meriyası qoyub, gah da deyirlər ki, sözügedən məsələ ölkənin daxili işidir, Türkiyə buna qarışa bilməz. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti zəif olduğu üçün ölkədə vahid strategiya yoxdur. Başqa bir tərəfdən, erməni rəsmilər Fransaya arxalanaraq başından belə böyük danışır. Ancaq onlar heç vaxt Türkiyə ilə şərtlə danışa bilməzlər. Faşist siyasət sərgiləməklə Ermənistan özü bundan itirəcək”.
Vidadi ORDAHALLI