Məlum olduğu kimi, Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Qərb mediası yazır ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.
Məlumata görə, Qərb müttəfiqlərinin vasitəçilik səylərini artırması fonunda Azərbaycan və Ermənistan liderlərinin bu həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa etməsi mühüm hadisə hesab olunur. Qeyd edilir ki, İlham Əliyev və Nikol Paşinyan fevralda Münhen danışıqlarından sonra ilk dəfə təkbətək görüşəcək. Bundan əvvəl Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında geniş müzakirələr aparılıb. Mediaya danışan mənbələr qeyd edib ki, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var. Qeyd edək ki, Makron bundan əvvəl də zorla özünü danışıqlar formatına soxuşdurmuşdu. Avropa Birliyinin Praqada keçirilən birinci Sammitində Fransa prezidenti Emmanuel Makron iştirak etdikdən sonra Fransa televiziyasına ölkəmizlə bağlı böhtan xarakterli açıqlamalar verdi. Bundan sonra Brüssel formatında keçirilən görüşdə Ermənistan baş naziri Nikol Paşinyan Makronun iştirakını tələb etsə də, Azərbaycan bunu qəbul etmədiyi üçün həmin görüş baş tutmadı.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyan-Əliyev görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da qatılacağı ilə bağlı açıqlama verib.
Bütün bunların fonunda Makronun yenidən danışıqlar formatına cəlb edilməsi nəyə lazımdır?
Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Moldovada və yaxud Azərbaycan-Ermənistan danışıqları ilə bağlı hər hansı bir görüşdə Fransanın iştirak etməyə çalışması onun “qlobal proseslərdə varam”, demək istəyindən qaynaqlanır: “Anlayır ki, bu regional münaqişədə həm Amerika, həm də Rusiya bir formada öz mövcudluqlarını saxladıqları halda, Fransa bu imkanı itirirsə, bu onun dünyadakı mövqeyinin itirilməsi anlamına gələr. Hətta Makronun da nüfuzuna zərər gətirir. Digər tərəfdən, biz bilirik ki, Fransada çox güclü erməni diasporu var. Bu diasporun siyasi sifarişləri, tələbləri var. Onlara da cavab vermək üçün bu bir resursdur əslində. Paşinyan və İlham Əliyev arasında baş verən görüşlər bu və ya digər formada konkret nəticə əldə etməyib. Amma bununla belə, Fransanın bu proseslərdə söz sahibi olması Makron üçün çox önəmlidir. Digər tərəfdən, Avropa İttifaqının əsas aparıcı dövlətlərindən biri kimi, Fransa burda da çalışır ki, öz mövqeyini qorusun. Ümumiyyətlə, böyük siyasətdə, geopolitikada Böyük Britaniya da ABŞ-a uduzur. Hətta Avropanın, dünyanın bir çox məsələlərində Almaniya getdikcə önə çıxır. Yəni bu baxımdan Fransa da ayaq üstə qalmağa çalışır. Bu sırf Fransanın milli maraqları ilə bağlıdır. Əlbəttə, fürsət olsa, ermənilərə dəstək verər və erməni diasporunun seçicisinin rəgbətini qazanmağa çalışar. Bu da siyasi, ölkədaxili mübarizədə bir arqumentdir. Bu baxımdan da Makrona bu mövcudluğu qorumaq çox lazımdır. Amma Azərbaycan tərəfinə Makronun olmasının heç bir önəmi yoxdur. İştirakı olmasa yaxşıdır”.
Hələlik rəsmi bəyanat olmadığı üçün bir şey demək çox çətindir. İyunun 1-nə planlaşdırılan görüşə Şarl Mişelin vasitəçilik edəcəyi dəqiqdir. Layihə ortada, müzakirə edəcək tərəflər məlum olduğu halda Makron kimi açıq ermənipərəstin prosesə soxulmağına heç bir ehtiyac yoxdur.
Məhəmmədəli QƏRİBLİ