İrəvan hakimiyyəti “Nemezis” abidəsini sökmək niyyətində deyil. Türk və azərbaycanlı diplomatları qətlə yetirməklə məşğul olan “Nemezis” terror hərəkatına İrəvanda abidə qoyulduqdan sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə, “Nemezis” abidəsi sökülməyəcəyi təqdirdə, rəsmi Ankaranın əlavə tədbirlər görəcəyini də elan edib.
Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələdə Türkiyənin mövqeyini doğru hesab etsə də, “satqın adlandırılmaqdan qorxduğu üçün” bu abidənin qoyulmasına qarşı çıxa bilmədiyini demişdi. İrəvan bələdiyyəsindən də məlumat verilib ki, abidə sökülməyəcək. Bu, Ermənistanın bir dövlət olaraq terroru dəstəklədiyinə daha bir sübut sayıla bilərmi?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İrəvanda “Nemezis” abidəsinin qoyulması təsadüfi deyil: “Bəziləri belə fikirləşir ki, ermənilər düz deyir. Bunu bələdiyyələr qoyub, Ermənistan hökümətinin xəbəri yoxdur. Amma əslində elə deyil. İstənilən bir abidə qoyulursa, hökümətin xəbəri olur. Paşinyan höküməti, eləcə də digər qüvvələr sülh müqaviləsi imzalamağa hazır deyillər. Ona görə də, sülh müqaviləsi imzalamamaq, prosesi uzatmaq üçün müxtəlif yollar axtarıb tapırlar. Təxribat üsullarından biri də həmin abidənin qoyulmasıdır ki, baş qarışsın buna və danışıqlara fasilə verilsin. Bildiyimiz kimi, bununla bağlı Türk xarici işlər naziri Çavuşoğlu sərt bəyanat verdi. Açıq bildirdi ki, bu birinci tədbirdi. Bundan sonra lazım gələrsə, başqa tədbirlər də görüləcək. Ermənilərlə yalnız belə dildə danışmaq lazımdır. “Nemezis” abidəsinin qoyulmasına başqa cür yanaşmaq düzgün deyil. Kimsə düşünür ki, erməni höküməti bunu götürəcək. Xeyir, götürməyəcək. Sona kimi mübarizə aparacaqlar. Erməni siyasəti də bundan ibarətdir. Azərbaycanla Ermənistan arasında hazırda sülh danışıqları gedir. Vaşinqtonda 4 günlük danışıqlar oldu. Bizim bu görüşlərdə iştirakımız vacibdir. Çünki bizə kənardan bir basqı var. Bu basqının qarşısını almaq üçün sübut edirik ki, Azərbaycan, qalib gəlməsinə baxmayaraq, sülhə hazırdır. Ancaq ermənilər buna hazır deyil. Düşmənlərin əlinə fürsət verməməliyik. “Nemezis” abidəsi də, digər abidələr də vaxtı gəldiyində götürələcək. O ki qaldı Ermənistanın terrora dəstək verən ölkə olmasına, Ermənistan elə terror dövlətidir. Bunu dəfələrlə müsəlmanlara qarşı soyqırım hadisəsi törətməklə də sübut edib. Türk diplomatlarını, Azərbaycan hökümət adamlarını qətlə yetirib və beynəlxalq sahədə onların müxtəlif terror təşkilatları olub. Yalnız Ermənistanda deyil, Fransada, Rusiyada, Amerikada bunlar məskunlaşıblar. Avropanın ayrı - ayrı ölkələrində də lazım gələndə terror hadisələrini törədiblər. Son hadisələrdə, 44 günlük müharibədə açıq - aşkar gördük ki, ermənilərin Gəncəyə, Tərtərə və digər yerlərə qadağan olunmuş bombalar yağdırması terrorun bariz nümunəsidir və sübutudur. Ona görə də Ermənistan tək terroru dəstəkləyən yox, terror dövləti kimi qəbul olunmalıdır”.
Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əminamanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, bu ölkədə nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanoyanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.
Məhəmmədəli QƏRİBLİ