Ermənilər istənilən məsələdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Elə götürək, 9 May faşizm üzərində Qələbə gününü. Bildiyimiz kimi, SSRİ dağılar-dağılmaz, İkinci Dünya müharibəsi iştirakçılarından imtina edən, veteranlara laqeyd münasibət göstərən ilk respublikalardan biri məhz Ermənistan oldu.
Bu ölkə açıq göstərdi ki, faşizm üzərində qələbənin onlara aidiyyəti yoxdur. 1941-1945-ci illərə aid abidələr söküldü, əvəzində isə faşist əlaltılarına heykəllər, abidələr qoyulmağa başladı. Qaregin Njdeyə qoyulan abidələr dediklərimizə nümunədir. Bir tərəfdən Hitlerlə əməkdaşlıq edən, nasistlərə, faşistlərə nökərçilik edən şəxslərə abidələr qoyan Ermənistan digər tərəfdən də faşizm üzərində Qələbəni qeyd edir. Hətta ölkənin baş naziri N.Paşinyan Moskvada keçirilən paradda iştirak edir.
9 Mayda isə ermənilər İrəvanda “Qələbə paradı” keçirib yürüş ediblər. Qeyd edilənə görə, “Qələbə paradı”nda İkinci Dünya müharibəsi veteranları da iştirak ediblər və sair.
Bu necə olur ki, həm faşistlərə xidmət edən adamların heykəllərini qoyurlar, həm də İkinci dünya müharibəsində vuruşub həlak olan insanların xatirəsini "əzizləyirlər", müharibə veteranlarının iştirakı ilə yürüş keçirirlər? Ermənistan bunu necə bacarır?
“Ermənistanın həm faşizm üzərində qələbəni qeyd etməsi, həm də dövlətin faşist tör-töküntülərinə abidə qoyması bir-birinə zidd olan məsələdir”
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, biz illərdir mənfur qonşularımızın apardığı siyasətin bütün çalarlarını görürük: “Ermənilər bütün fürsətlərdən istifadə edib Qərbə özlərini qərbli, Şərqə şərqli, xristian aləminə “təəssübkeş” xristian, müsəlman dünyasına “müsəlmanların yaxın dostu” kimi göstərməyə çalışırlar. Qərblə Rusiya arasında illərdir manevr etmələri, ikiüzlülüklə, riyakarlıqla davranmaları, müxtəlif xəyanətlərlə bu işi aparmaları göz qabağındadır. Erməni hiyləsini, erməni məkrini işə salıb özlərini Qərbə anti-Rusiyaçı kimi təqdim etsələr də, baş nazirləri gedib Rusiyadakı paradda iştirak edir, özləri anti-faşist yürüşləri keçirirlər. İkiüzlülüyün dərəcəsinə baxın ki, bunlar faşist nökərlərinə heykəl qoyurlar, sonra da faşizmə qarşı yürüş keçirirlər. İrəvanda təntənəli yürüş keçirib İkinci Dünya müharibəsinin 78 illiyini qeyd etmək erməni riyakarlığının nümunəsidir. Bu, erməni riyakarlığının və erməni simasızlığının növbəti təzahürüdür. Dünənə qədər mitinqlərdə Rusiyanın bayrağını yandıran, “Rusiya, burdan çıx get” deyən erməni ictimaiyyəti 9 Mayda Faşizm üzərində Qələbə ilə bağlı yürüş keçirib. Ermənistan birmənalı olaraq səmiyyətdən uzaq bir ölkədir”.
R.Zeyni hesab edir ki, bu, ermənilərin milli mahiyyətini ortaya qoyur və onların səmimi olmadığını sübut edir. O vurğuladı ki, biz hansısa formada sülh sazişinin imzalanmasını gözləyirik, amma ermənilər hələ də təxribatlarından əl çəkmir. R.Zeyninin qeyd etdiyinə görə, faktlar göstərir ki, ermənilərin daşnak, faşist düşüncəsindən uzaqlaşması çox çətindir. “Onların daşnak, nasist düşüncəsində olduğu məlumdur. Ermənistanın həm faşizm üzərində qələbəni qeyd etməsi, həm də dövlətin faşist tör-töküntülərinə abidə qoyması bir-birinə zidd olan məsələdir. Bu, bir-birinə zidd olan iki məqamdır”-deyə R.Zeyni bildirdi.
İradə SARIYEVA