Məlum olduğu kimi, mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.
Maraqlıdır, adıçəkilən küçənin açılmasının nə kimi tarixi əhəmiyyəti var?
“Şuşada Atatürk küçəsinin salınması və Prezident İlham Əliyevin Şuşa səfəri zamanı prospektin açılışında birbaşa iştirak etməsi böyük tarixi əhəmiyyətə malikdir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatıb. Özəlliklə qardaşlıq münasibətlərinin güclənməsi, ən əsası ölkə başçısı İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq-qardaşlıq münasibətlərinin olması hər kəsə bəllidir. Bu gün Türkiyənin Azərbaycana yanaşması, Azərbaycan xalqının yanında yer alması, həmçinin iki qardaş ölkə arasındakı münasibətlərin hər keçən gün daha da inkişaf etməsi, dərin bağların yaranması bu münasibətlərin gələcək taleyini bəlli edir: “Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Həmçinin, Şuşaya səfər edən ilk xarici ölkə rəhbəri də məhz Rəcəb Tayyib Ərdoğan olub. Bu gün Azərbaycan və Qarabağın incisi olan Şuşada Türkiyə lideri Atatürkün adına küçənin salınması bir çox mənada əhəmiyyətlidir. Azərbaycan türk dünyasının ortaq dəyərlərinə, ortaq simalarına hörmətlə yanaşır. Eyni zamanda, bütün türk dünyası üçün əhəmiyyətli olan Mustafa Kamal Atatürk simasına olan hörmətin göstəricisidir. Hesab edirəm ki, Şuşada Atatürk küçəsinin salınması və Prezident İlham Əliyevin Şuşa səfəri zamanı prospektin açılışında birbaşa iştirak etməsi böyük tarixi əhəmiyyətə malikdir”.
Siyasi şərhçi hesab edir ki, Şuşada Atatürk prospektinin açılması Türkiyə-Azərbaycan qardaşlığının daha da dərinləşməsinə səbəb olacaq.
Günel CƏLİLOVA