Antifaşistlərin 9 may qələbəsi ətrafında çox maraqlı hadisələr baş verir. Bir hadisə budur - Ukrayna prezidenti Zelenski 9 may qələbəsinin qeyd olunmasını mayın 8-ə dəyişib, mayın 9 tarixinin isə Avropa günü kimi qeyd olunmasını rəsmiləşdirib. Bu haqda Ali Radaya, yəni Ukrayna parlamentinə qanun layihəsi göndərib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Zelenski qərarını belə izah edib ki, faşist Almaniyasının qeyd- şərtsiz kapitulyasiya aktı məhz mayın 8-də qüvvəyə mindiyi üçün Qələbə tarixi 8 maydan hesablanmalıdır. Bəziləri bunu Zelenskinin Rusiyaya nifrətdən doğan emosional qisasçılığı kimi başa düşərək qərarı təftiş edirlər...
Bir dostum xahiş etdi ki, mübahisənin həqiqi tarixi məzmunu barədə bildiklərimi anladım. Beləliklə... Faşist Almaniyasının kapitulyasiya aktı 1945-ci il mayın 7-də Avropa vaxtı ilə gecə saat 3-də Fransanın Reyms şəhərində imzalandı. Amerika, Britaniya, Sovet nümayəndəsi və Almaniyanın baş qərargah rəisi imzaladı. Bu akt Moskva vaxtı ilə mayın 8-də gecə 23-də qüvvəyə mindi. Stalin müttəfiqlərdən tələb etdi ki, kapitulyasiya aktının rəsmən bəyan edilməsi 36 saat təxirə salınsın ki, Sovet hökuməti kapitulyasiya aktının təkrar imzalanma mərasimini təşkil edə bilsin. Beləliklə, 45-ci il mayın 8-dən 9-a keçən gecə saat 1-də Berlin yaxınlığında Karlsxorst şəhərində Sovet hökuməti adından Almaniyanın 2-ci, lakin 1-ci ilə eyni olan kapitulyasiya aktı imzalandı... Onu da deyim ki, " Assoşieytid press" agentliyi oyunpozanlıq edərək mayın 7-də gündüz saatlarında xəbəri yaydı və buna görə, müxbir Eduard Kennedi Agentlikdən azad edildi.
Göründüyü kimi, antifaşist qələbənin gerçək tarixi aktın həqiqətən qüvvəyə mindiyi 8 maydır. Sovetlər qələbəni 9 maya aid etsə də, Avropa məkanı üçün qələbənin günü 8 maydır .Zelenskinin bildiyi və əsaslandığı tarixi gerçək belədir.
O ki qaldı ümumən Almaniyanın kapitulyasiya ideyasına, bunun da müəllifi və təşəbbüskarı Sovet hökuməti olmadı. Kapitulyasiya ideyasını ilk dəfə 1943-cü ilin yanvarında Antihitler koalisiyasının Kasablanka konfransında ABŞ prezidenti Ruzvelt irəli sürdü və kapitulyasiya aktının mətnini hazırlamaq üçün Ali Məşvərət Komissiyası yaradıldı...
9 mayın gerçək tarixi budur və müzakirələrə hazıram...
Tahir TAĞIYEV