“Biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq”. Bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda sualları cavablandırarkən deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan, nəinki Qazaxıstan və Türkmənistanın, Rusiyanın da neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ötürür: “Təqribən ildə 2,5 milyon tona yaxın rus nefti Ceyhana gedir. Beləliklə, bütün bunlar kommersiya məsələləridir. Hesab edirəm ki, biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq. Bilirsiniz, əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər. Beləliklə, bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa, bu bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki? Söhbət təkcə neftdən getmir. Yeri gəlmişkən, biz uranyumun ixracı üçün Qazaxıstana vacib nəqliyyat imkanını təmin edirik. Bu, təkcə Qazaxıstan üçün yox, həm də uranyumu alan iki ölkə üçün də mühüm əhəmiyyət kəsb edir. Bir çox digər yüklər də var - Türkmənistandan neft-kimya, gübrə məhsulları. Yeri gəlmişkən, biz Asiyadan daha çox yük həcmini gözlədiyimiz üçün dəniz ticarət limanımızın tutumunu artırırıq”.
“Azərbaycanın tranzit ölkə olaraq regionda rolunun artması təkcə iqtisadi baxımdan dividendlər gətirmir”
Bununla bağlı “Bakı-Xəbər”ə açıqlama verən ekspert Rəsul Cahangirli hesab edir ki, ölkə başçısının yanaşması praqmatik maraqlara söykənir: “Hesab edirəm ki, tamamilə doğru yanaşmadır və reallıqları özündə əks etdirir. Kommersiya əsaslarına söykənərək boru kəmərlərinin ötürücülük qabiliyyəti bütün ölkələrə açıq olmalıdır. BTC-nin Rusiyadan yan keçməsi o demək deyil ki, bu kəmər şimal qonşumuzun neftinə bağlı olmalıdır. Bu kəmərin maksimal ötürücülük qabiliyyəti 50 milyon tondur. Hazırda Azərbaycanda hasil olan neftin həcmi 32 milyon tondur. Hasil olunan neftin bir qismi daxili tələbatın ödənilməsinə yönəldilir. Digər hissəsi isə BTC ilə ixrac olunur. Azərbaycan neftinin əsas alıcısı İsrail dövlətidir. BTC ilə nə qədər çox neft ötürülsə, bu, bir o qədər bizim xeyrimizədir. Birincisi, bu, kəmərin rentabelliyini təmin edir. İkincisi, qonşu ölkələrin nefti BTC ilə ötürüldüyü üçün Azərbaycan bundan tranzit gəlirləri əldə edir. Nə qədər çox neft ötürülsə, bu, bu, bir o qədər tranzit gəlirlərin artmasına öz müsbət təsirini göstərir. Ona görə də bütün bunlara kommersiya nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Digər tərəfdən, Azərbaycanın tranzit ölkə olaraq regionda rolunun artması təkcə iqtisadi baxımdan dividentlər gətirmir. Bu, həm də geosiyasi baxımdan ölkəmizin maraqlarına xidmət edir. Bununla bağlı ölkəmizin önəmi artır və təhlükəsizlik nöqteyi-nəzərdən müsbət imkanlar yaranır. Görünən odur ki, Azərbaycanın logistik önəminin artırılması ilə bağlı sistemli addımlar atılır. Bakı Dəniz Limanının yük qəbuletmə imkanları artırılır, dəmir yolları müasirləşdirilir, Mərkəzi Asiya və qonşu ölkələrlə tranzit xərclərinin optimallaşdırılması ilə bağlı danışıqlar aparılır. Bütün bunlar o deməkdir ki, təkcə enerji daşıyıcılarının ötürülməsinin artırılması prioritet deyil. Həm də digər məhsul və malların Azərbaycan üzərindən Avropaya və əks istiqamətdə daşınması, bunun həcminin artırılması gündəmdədir”.
Vidadi ORDAHALLI