Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ailəsi ilə birlikdə ABŞ-a köçəcək. Ermənistan mediası xəbər verir ki, Köçəryanın göstərişi ilə artıq ailənin pul və biznesini xaricə köçürmək üçün proseslər başlayıb.
Maraqlıdır, Köçəryan Putinin dostu və Rusiyanın adamı sayılır. Belə həlledici məqamda nə əcəb Rusiyanı yox, ABŞ seçib? Ola bilərmi ki, Rusiyanın rolunun Ermənistanda zəiflədiyini tam dərk edir və eyni zamanda bilir ki, Azərbaycan xalqına qarşı etdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi və Azərbaycana ekstradisiyası reallaşa bilər? Axı, o həm də Azərbaycan vətəndaşı olub. Köçəryanı ABŞ-a qaçmağa həm də bu amil vadar edə bilərmi?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Robert Köçəryan Qarabağda erməni millətçiliyini yayan ilk ermənilərdən biridir və Qarabağın ilk tanınmamış “prezidenti” oldu: “Sonra isə 1998 - ci ildə millətçilik hissləri zəminində Ermənistana prezident seçildi. O, 1998-dən 2008-ci ilə kimi 10 il prezident oldu. Bu dövrdə də yoxsul Ermənistanı, erməni xalqını soyub-taladı, özünə böyük kapital topladı və Rusiyada, xüsusilə Moskvada investisiya qoydu. Hazırda qaz səhmdarlarından biridir. İşlədiyi dövrdə Rusiya ilə çox yaxın idi və Putin onu özünə dost bilirdi. Paşinyan hakimiyyətə gələndən sonra xalqa qarşı mitinqləri dağıdanda 10 nəfər müxalifətçinin həlak olmasına və korrupsiya ehtimalına görə onu həbs etdirdi. İki ilə yaxın həbsxanada qaldı. Hətta Putin İrəvana səfər edəndə onunla görüşmək istədi, ancaq Paşinyan icazə vermədi. Köçəryan Ermənistanın son tarixində mafioz, korrupsioner bir prezident kimi erməni xalqının və bizim yaddaşımızda qalıb. O və ondan sonra gələn Sarkisyan milli münaqişələrin, müharibələrin törədilməsində birbaşa əli olduğuna görə Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verildi. Eyni zamanda Robert Köçəryan, hər halda siyasətdən başı çıxır deyə, Rusiyada son dövrlər baş verən hadisələri nəzərə alaraq, gələcəkdə Amerikaya sığınmağı düşünür. O, kiçik oğlunu xeyli vaxtdır ki, Amerikaya göndərib və onun üç nəvəsi Amerikada dünyaya gəlib. Yəni onun orda daşınmaz əmlakı, biznesi var. Ona görə də, Ermənistanda baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, siyasi-hərbi gücünü, Türkiyənin regionda böyük söz sahibi olduğunu, Rusiyanın zəiflədiyini görüb “gəmini” ilk tərk edənlərdən biri olacaq. Eyni zamanda başa düşür ki, Rusiyadakı vəziyyət artıq düzələn deyil. Çünki Rusiya Ukrayna müharibəsində iqtisadi cəhətdən çox gücdən düşüb və dünya birliyinə qarşı müharibə aparmaq heç bir dövlətə müyəssər olmaz. Yaxın gələcəkdə müharibə dayandırılmasa, Rusiya tam iflasa uğrayacaq. Bunu da hər halda Robert Köçəryan başa düşür. Ona görə də ailəsini vaxtından qabaq Amerikaya aparır, varını-dövlətini, Rusiyada qoyduğu biznesi tədricən ordan çıxartmağa çalışır. Bu adam dostunu da, xalqını da dar ayaqda qoyub qaçan naxələf ermənilərdən biridir. Təbiidir ki, onun ehtiyat etdiyi məsələlərdən biri də Azərbaycana qarşı etdiyi cinayətlərə görə məsuliyyət daşımaq qorxusudur”.
Məhəmmədəli QƏRİBLİ