Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı deyib ki, Avropa İttifaqının monitorinq missiyasını Ermənistana dəvət etmək barədə qərar asan qəbul olunmayıb: “Ona görə ki, bu missiya təhlükəsizliyə heç bir zəmanət vermir, əksinə, yeni çağırışlar yarada bilər”.
O, həmçinin deyib ki, beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaz regionuna cəlb etmək vacibdir, çünki bu gün bu diqqət Ukraynaya yönəlib:
“Qərbdə çoxları hesab edir ki, biz Rusiyanın vəkili olan hökumətik, Şərqdə isə bizim qərbyönlü siyasət apardığımıza inanırlar. Qərbə gedən qonşularımız Ermənistanın Rusiyanın yaxın müttəfiqi olduğunu deyir, bizimlə də Rusiyaya qarşı olduğu kimi davranmağa çağırırlar”.
Göründüyü kimi, Paşinyan açıq etiraf edir ki, Avropa missiyası onların təhlükəsizliyi üçün heç bir zəmanət vermir, sadəcə, regiona olan beynəlxalq diqqətin artırılması baxımından zəruridir. Paşinyan qeyd edir ki, onu qonşularla münasibətlərin normallaşması deyil, yalnız beynəlxalq diqqətin regiona artırılmasının vacibliyi maraqlandırır. Növbəti riyakar siyasətə bənzəmirmi?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqının missiyasını Ermənistana dəvət etmək barədə qərar ermənilərin ötən ilin senttabrında təşkil etdikləri sərhəd təxribatından sonra verildi: “Həmin təxribatdan sonra ermənilər çox böyük itki verdi və bir neçə yüksəklik Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü. Bundan sonra ermənilər, növbəti addım kimi, Praqada keçirilən Sammitdə belə bir missiyaya zərurətin olması ilə bağlı çıxış etdilər. Məqsəd güya ermənilərin nə dərəcədə “sülhsevər” olduğunu bütün dünyaya nümayiş etdirmək idi. Oktyabrın 6-da keçirilən 4 tərəfli görüşdən sonra Avropa İttifaqı missiyasının Ermənistana dəvət olunması reallaşdı və bunun yalnız iki ay davam edəcəyi ilə bağlı qərar qəbul olundu. Yekun sənəddə bu müddət göstərilirdi. Güya bu missiya sərhəd komissitalarına yardım etmək məqsədini güdürmüş. Təbiidir ki, bu qərar Rusiya tərəfdən böyük narazılıqla qarşılandı. Azərbaycan həmin missiyanı öz ərazisinə buraxmadı. Missiyanın müddəti bizimlə razılaşdırılmadan artırıldı. Azərbaycan Prezidenti bu məsələyə öz iradını bildirdi. Təbiidir ki, bu, Rusiyada daha böyük hiddətlə qarşılandı. Paşinyan iddia edir ki, missiya Ermənistanın təhlükəsizliyinə heç bir yardım göstərməyib, yalnız dünyanın diqqətini regiona cəlb etmək mahiyyətini daşıyıb. Təbiidir ki, bu, riyakar və ağılsız yanaşmadır. Bu cür missiyalar Ukraynadan diqqəti yayındıra bilməz. Çünki dünyanın gələcək taleyi məhz Ukraynada həll edilir. Ermənistan missiyanın fəaliyyətindən heç nə qazanmadı. Ancaq Rusiya ilə münasibətlərini çox pisləşdirdi. Rusiyaya deyir ki, onların təklif etdiyi sülh layihəsi daha məqbuldur. Paşinyan siyasətinin nə qədər qüsurlu olduğu bir daha üzə çıxır. Son nəticədə heç kim ona yardım etmir. Ermənistanı qane edən Rusiyanın sülh sazişi bir daha ortaya çıxmayacaq, çünki Rusiyanın özü ondan imtina edib. Paşinyan hər tərəfdən dəstəyini itirdiyi üçün bu cür vurnuxmağa məcburdur”.
Məhəmmədəli QƏRİBLİ