Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber”ə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan-Özbəkistan, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli təmasları başlayıb.
"Bu təmaslarla məqsədimiz əlaqələrimizi daha da gücləndirməkdir", - M.Çavuşoğlu qeyd edib.
Nazir nəqliyyat sahəsində əməkdaşlığa da toxunub:
"Bizim İranla münasibətlərimiz məlumdur. Bizim sürücülər daha çox Azərbaycandan daşınmalara üstünlük verirlər, İrandan yox. Çünki İran bizə problem yaradır. Azərbaycan isə bir tərəfdən həm qiymətlərlə bağlı jest etdi, həm də çox sürətli bir şəkildə çatdırılma həyata keçirildi - deyə M.Çavuşoğlu əlavə edib.
Türkiyənin xarici işlər naziri deyib ki, Ermənistana "Nemezis" abidəsinin götürülməsi üçün müraciətlər göndərdik, əlavə tədbirlər görməyi də düşünürük.
M.Çavuşoğlu deyib ki, Türkiyə Ermənistan üçün önəmli jestlər edib, amma Ermənistan səmimi olmadığını bir daha göstərdi.
"Ermənistanla münasibətlərin normallaşması istiqamətində bəzi jestlər etdik. Məqsədimiz bir tərəfdən münasibətlərin normallşaması, digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına töhfə vermək idi. İrəvanda terrorçulara "Nemezis" abidəsinin qoyulması qəbuledilməzdir. Abidənin götürülməsi üçün Ermənistana lazımı müraciətləri göndərdik. Əlavə tədbirlər görməyi də düşünürük", - deyə M.Çavuşoğlu əlavə edib.