Avropanın aparıcı kütləvi informasiya vasitələri aprelin ortalarında Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət bayrağının qəsdən yandırılması hadisəsinə böyük diqqət yetirib.
Belə ki, kp.ua portalında dərc olunan məqalədə qeyd olunur ki, Ermənistan paytaxtının düz mərkəzində, Respublika meydanının yaxınlığında yaşayış və inzibati binalarda beynəlxalq aqressiyaya çağırış dolu təxribat xarakterli vərəqlər peyda olub.
"Vərəqlərdə üç dövlətin - Ukrayna, Azərbaycan və İsrailin - yanan bayraqları təsvir olunub və altında "Ortaq düşmənlərimiz var" yazısı qeyd olunub", - materialda deyilir.
Gazeta.ua portalında "Ermənilər bayraqları hakimiyyətin dinməz razılığı ilə "yandırırlar". Düşmənlər siyahısına Ukrayna da salınıb" başlıqlı məqalədə vurğulanır ki, dövlət simvollarını təhqir etmə aktı İrəvanın mərkəzində baş versə də, heç kimi tapıb cəzalandırmadılar.
Bundan başqa, bu insident, həmçinin Realitatea (Moldova), Newsweek (Rumıniya), Alfa (Litva), Fakti (Bolqarıstan) və Actualne (Çexiya) kimi məşhur xəbər portallarının diqqət mərkəzində yer alıb.
Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.
Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.