1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqların yekunu ilə bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Göründüyü kimi, rəsmi məlumatda qeyd edilir ki, tərəflər bəzi məsələlər barədə razılıq əldə edib, ancaq bəzi dettalar razılaşdırılmayıb. Çox maraqlıdır, razılıq hansı istiqamətdə əldə olunub, razılaşması mümkün olmayan detallar nədən ibarətdir?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sülh sazişi ilə bağlı irəliləyişin olması barədə yayılan xəbərlər öz təsdiqini tapmır: “Situasiya bir qədər fərqlidir. Ermənistanın ərazi bütövlüyü ilə bağlı təhlükəsi yoxdur. Sadəcə belə bir təhlükənin olması ilə bağlı imitasiya edir. Azərbaycanın qarşıısında indi də belə bir absurd tələb qoyur. Paşinyanın özü isə bizim ərazi bütövlümüzü tanıdığını bəyan edir. Bunlar irəliləyişə aparan detallar deyil. Çünki tərəflər bu razılığı çoxdan bəyan ediblər. Ermənistanın manipulyasiya etdiyi detal Qarabağdakı ermənilərin hüquqları ilə bağlıdır. Bu məsələdə bizim mövqe bəllidir. Deyirik ki, daxili işimizə aid olan məsələyə heç kim qarışmasın. İrəvan isə bununla razılaşmır. Hesab edirəm ki, biz rus sülhməramlılarını oradan çıxarıb, Qarabağa tam nəzarəti bərpa etməyənə, bütün erməni silahlılarını oradan çıxarmayana qədər tam razılaşma əldə olunmayacaq. Ermənistan rəsmi şəkildə bəyan etməlidir ki, “Qarabağ Azərbaycandır”. Ərazi bütövlüyümüz yalnız sözdə deyil, həm də əməldə təmin olunmalıdır. Bunun üçün biz Xankəndidə yurisdiksiyamızı tam bərpa etməliyik. Ola bilsin ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə Ermənistan yenə də dəhliz deyil, yol verə biləcəyinin üstündə durub. Qazaxın 7 və Naxçıvanın Kərki kəndi ilə bağlı da dirəniş göstərə bilər ki, həmin kəndləri geri verməsin. Azərbaycan qalib tərəfdir. Onların nazı ilə çox oynamamlıyıq. Hesab edirəm ki, Vaşinqtonda sülh prosesi ilə bağlı elə də mühüm razılaşma əldə olunmayıb. Sözdə ərazi bütövlüyünü tanıyıb, arxa planda ərazimizdə silahı dəstələr saxlamaq konstruktivlik deyil”.
Məhəmmədəli QƏRİBLİ