Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.
Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda sualları cavablandırarkən deyib.
Keçmiş Minsk Qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduğumuzu deyən dövlət başçısı bildirib: “Keçmiş Minsk Qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər”.
Prezident İlham Əliyev həmçinin deyib ki, Ermənistanla Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.
Bütün bu deyilənlərin fonunda, Moskva görüşünə Vaşinqton görüşünün davamı kimi baxmaq olarmı?
“Moskva görüşünə birmənalı olaraq Vaşinqton görüşünün davamı kimi baxmaq çətindir”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bununla bağlı konkret nəsə demək çətindir: “Ancaq məsələ ondadır ki, Nikol Paşinyan mayın 3-də parlamentdə çıxışı zamanı bununla bağlı bəzi eyham xarakterli fikirlər səsləndirdi. Paşinyan deyib ki, tənzimləmə üçün Qərbdən heç bir təklif almayıb, Rusiya variantı isə Ermənistan üçün məqbuldur. Paşinyan son çıxışında konkret olaraq heç bir ölkənin adını çəkmədən dedi ki, Ermənistanın təhlükəsizliyinin təminatı üçün “yeni komponentlərin” əlavə olunması xeyirlə yanaşı ziyan da gətirə bilər. Ermənistanın niyə Rusiya variantına belə xüsusi önəm verməsi bizə bəllidir. Rusiya variantının mahiyyəti ondan ibarətdir ki, Möskva Qarabağın status məsələsini birdəfəlik gündəmdən çıxarmaq istəmir. Yəni bunu sonrakı mərhələyə saxlamaq istəyir. Ötən il Valdayda keçirilən görüşdə Putinin Qərbin təkliflərini hədəf alması məhz buna hesablanmışdı. Ancaq Rusiyadan fərqli olaraq, ABŞ üçün bu elə bir xüsusi əhəmiyyət kəsb etmir. Birləşmiş Ştatlar birdəfəlik məsələnin həllində və Cənubi Qafqazda dayanıqlı stabilliyin yaranmasında maraqlıdır. Rusiya isə Qarabağ məsələsindən hər iki tərəfə təzyiq etmək rıçaqı kimi baxır. Ona görə də Moskva görüşünə birmənalı olaraq Vaşinqton görüşünün davamı kimi baxmaq çətindir. Lakin bəzi məsələlər Moskvada yenidən müzakirə oluna bilər. Azərbaycan balanslı yol tutaraq bütün tərəflərin vasitəçilik təkliflərini qəbul edir. Bir tək Fransa xaric. Çünki Fransa qərəzli və birtərəfli mövqe tutaraq bütün körpüləri yandırdı. Onu da nəzərə almaq lazımdır ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində Vaşinqtonun təşəbbüsü ələ almasını istəmir. Vaşinqton görüşü başlayan kimi, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bəyan etdi ki, Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması yalnız üçtərəfli sənədlər əsasında mümkündür. İstənilən halda, danışıqlar prosesi hələ bir müddət uzanacaq”.
Vidadi ORDAHALLI