Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı deyib ki, sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərbaycan tərəfdən tanınmasının dəqiqliklə əks olunmasını razılaşdırmaq hələ mümkün olmayıb.
O bunu sənədin imzalanmasında əsas maneələrdən biri adlandırıb: “Digər problem Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin qeyri-müəyyənliyi, Xankəndi ilə Bakı arasında dialoqun formatının qeyri-müəyyənliyidir. Erməni tərəfinin fikrincə, dialoq beynəlxalq mexanizmlər çərçivəsində baş tutmalıdır. İndiyədək sülh sazişinin mətninin təfsirindəki uyğunsuzluqların aradan qaldırılması mexanizmləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb və sülh sazişinin həyata keçirilməsinin beynəlxalq mexanizmləri məsələsi ilə bağlı da razılıq yoxdur. Biz bütün sahələrdə uğur əldə etmək üçün səylər göstəririk”. O bildirib ki, Ermənistan tərəfi normallaşma prosesinə və sazişin imzalanmasına sadiqdir. Göründüyü kimi, Paşinyan Vaşinqton danışıqları bitməmiş orada əldə olunan razılaşmaları sabotaj etmək yolunu tutur və bu özünü iki istiqamətdə göstərir. Əvvəla deyir ki, güya biz onların ərazi bütövlüyünü tam qəbul etmirik. Ağ yalandır. Çünki tərəflər SSRİ dağılanda “Alma-Ata sənədi”ni imzalamaqla bir-birinin ərazi bütövlüyünü tanımış olublar. Azərbaycanın isə Ermənistana heç bir ərazi iddiası yoxdur. Paşinyan bunu sərhədlərin müəyyənləşmədiyi kontekstindən deyirsə, bunun da günahını özlərində axtarmalıdırlar. Çünki həmin prosesi məqsədli şəkildə özləri yubadır. Qarabağdakı ermənilərlə dialoq və onların hüquqları ilə bağlı məsələnin isə Ermənistana ümumiyyətlə aidiyyəti yoxdur. Çünki biz dəfələrlə bəyan etmişik ki, bu bizim daxili işimizdir və Ermənistanın buna qarışmaq haqqı yoxdur.
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın sülh prosesini sabotaja başladığı açıq-aydın görünür: “Paşinyanın indiyə qədər olan mövqeyi bu idi ki, Azərbaycan onun ərazi bütövlüyünü tanıyarsa, o da bizim ərazi bütövlüyümüzü tanıyacaq. Bunun özü də gülünc bir tələb idi. Onsuz da Azərbaycanın rəsmən onlara qarşı heç bir ərazi iddiası olmayıb. Vaşinqton danışıqlarından gözləntilər çox yüksək idi. Hətta ehtimal olunurdu ki, sülh sazişinin ilkin şərtləri ilə bağlı müəyyən razılığa da gəlmək olar. Rusiyanın dərhal reaksiyaları özünü gözlətmədi. ABŞ tərəflərə təzyiq edir ki, may ayının sonuna kimi sülh müqaviləsi imzalansın. Vaşinqtonda razılıq əldə olunubsa, onda növbəti görüşün Moskvada keçirilməsinə nə ehtiyac var? Rusiya açıq deyir ki, bölgədə yeganə sülh yarada biləcək güc Rusiyadır. Paşinyanın bu iki müddəa üzrə təxribatçı çıxış etməsi prosesi pozmağa, Rusiyanın xoşuna gəlməyə yönəlib. Ermənistan razılaşdığı şərtlərdən belə manipulyasilarla uzaqlaşmağa çalışır. Rusiyanın təzyiqi aydın görünür. Paşinyan bilir ki, belə məqamda Rusiyaya qarşı getməyin son nəticəsi Ermənistan parlamentində növbəti qətliamın törədilməsi ola bilər. O, sələflərinin aqibətindən qorxduğu üçün sülhü belə açıqlamaları ilə sabotaj edir”.
Məhəmmədəli QƏRİBLİ