Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yoludur. Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-da görüşündən sonra açıqlamasında deyib.
"Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu təməl onu göstərir ki, razılığa gəlmək həqiqətən əlçatan səviyyəsindədir. İstənilən marafonda son mil həmişə ən çətin olur. Lakin ABŞ hər iki dostumuza finişə çatmaqda kömək etmək üçün buradadır", - deyə o bildirib.
Blinken deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunub.
"ABŞ bu prosesi dəstəkləməyə davam etməyə hazırdır. Hər iki tərəf son bir neçə gün ərzində çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üçün danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə edib. Razılaşma əldə edilə bilən səviyyədədir və bu razılaşmanın əldə edilməsi Azərbaycan və Ermənistan xalqlarının mənafeyinə uyğun olacaq və onlardan kənarda da müsbət təsir göstərəcək", - deyə o bildirib.
Blinken deyib ki, razılaşmanın əldə olunması təkcə Azərbaycan və Ermənistan xalqlarına deyil, həm də bu ölkələrin hüdudlarından kənara da xeyir verəcək.
"Həm Ermənistandan, həm Azərbaycandan, həm də xarici işlər nazirlərindən gördüyümüz lidərlik ruhlandırıcıdır. Bütün bunlar asan deyil, amma qalan çətin məsələlərin həlli üçün irəliyə doğru getmək qətiyyət, əzmi var. Bu danışıqlar nəticəsində biz çox nəzərə çarpan irəliləyiş əldə etdiyimizi görürük. Biz dostlarımıza buna nail olmaqda kömək etməyə davam etməkdə qərarlıyıq", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun razılaşma əldə olunması mümkündür.
Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib.