“Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.
Prezident qeyd edib: “Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, bəzi ölkələrin güclü hərbi imkanları var. Biz bütün bu səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”.
Türk Dövlətləri Təşkilatının qlobal güc statusunda olması staretgiyasını Əliyev göstərdi.
“Fikrimcə, cənab Prezident də türk dünyasının öndə gələn bir lideri olaraq bu məsələdə öz iradəsini ortaya qoyacaq və bu prosesin öncüllərindən biri olacaq”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz “Bakı-Xəbər”ə “Cənab Prezident İlham Əliyev çox doğru və vacib, əhəmiyyətli bir məsələni vurğulayıb. Türk Dövlətləri Təşkilatı dünyada bir güc mərkəzinə çevrilmək potensialına sahibdir. Coğrafi, iqtisadi, hərbi və digər göstəricilərinə görə Təşkilatın buna geniş imkanları var. Eyni zamanda türk dövlətlərinin, türk toplumlarının orta tarixləri, mədəniyyətləri, soy-kökləri olduğu kimi, ortaq qlobal rəqibləri, düşmənləri də var. Məhz bu amillər tələb edir ki, Türk Dövlətləri Təşkilatları daha da güclənsin, öz iç strukturlarını daha da gücləndirsin”-deyə bildirdi.
M.C.Arazın fikrincə, Türk Dövlətləri Təşkilatları qlobal gücə çevrilərsə bunun türk dünyası üçün çox mühüm əhəmyyəti olacaq. O qeyd etdi ki, təşkilat türk toplumları, o cümlədən Güney Azərbaycanla, Doğu Türküstanla, Krımla, Şimali Kiprlə, balkan türkləri ilə əlaqələrini sıxlaşdırsın və orqanik hala gətirsin, bunlar çox önəmli məsələlərdir. “Qənaətimə görə, bu şərtlər altında Türk Dövlətləri Təşkilatı kürəsəl bir aktora, güc mərkəzinə çevrilə bilər. Onun buna imkanları genişdir və bu potensiala sahibdir. Fikrimcə, cənab Prezident də türk dünyasının öndə gələn bir lideri olaraq bu məsələdə öz iradəsini ortaya qoyacaq və bu prosesin öncüllərindən biri olacaq”-deyə müsahibimiz bildirdi.
İradə SARIYEVA