"Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir".
Bunu Prezident İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
İki ölkə arasında münasibətlərlə bağlı proqnozlaşdırmanın çox mürəkkəb olduğunu vurğulayan Prezident Əliyev vurğulayıb: “Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu belə də qalacaq, bir daha deyirəm ki, bu bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.
“Hədə dili ilə danışmayın, terror etməyin, Azərbaycanın Tehrandakı terror hücumunun günahkarları tapılsın, Azərbaycanla xoş qonşuluq münasibətləri qurun”
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra İranla sərhədləri möhkəmləndirməyə və nəzarətə başladı. “Tehran hakimiyyətinin silahlı qüvvələri, xüsusən İnqtilab Keşikçiləri Qvardiyası Azərbaycan İran sərhəddi boyu bir neçə dəfə hərbi manevr keçirdi və bu manevrdə qvardiyanın rəsmiləri Azərbaycana qarşı hədələyici çıxışlar etdilər və sair. Bundan başqa, Azərbaycanın guya İran daxilində terror hadisəsi törətmək istəməsi kimi cəfəng iddialar səsləndirməklə ölkəmizə qarşı iddialar irəli sürdülər. Prezident isə özü çıxışında İran hakimiyyəti təmsilçilərinin, hərbi qüvvələrinin bu tip iddialarına cavab olaraq sülhü və qonşuluq prinsiplərini əsas göstərib. Xudafərin körpüsünün yaxınlığında Prezidentin dediyi sözlər ona yetərli idi. 2021-ci ilin aprel ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdə bu barədə deyirdi: “Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir. Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir".
Prezident İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında səsləndirdiyi ifadələrlə bildirmək istəyir ki, hədələmək, terror qonşuların bir-biri ilə münasibətinə heç vaxt fayda gətirmir. Məsələn, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi və torpaqlarımızı 30 ilə yaxın işğalda saxladı, ərazimizdə dəfələrlə terror aktları da həyata keçirdi. Bu terrordan, işğaldan daha çox Ermənistan tərəf uduzdu. Hadisələr göstərir ki, İran Azərbaycanla terror, hədə dili ilə danışdıqca bu onun iqtisadiyyatına, regional məsələlərə, beynəlxalq arenada Tehran rejiminin nüfuzuna zərbə vurur. Eləcə də İran hakimiyyəti Azərbaycan Respublikası kimi ona yaxın olan bir dövlətdən özünə düşmən obrazı yaradır və sair. Prezidentin bu mesajını həm də Xamneinin Azərbaycana qarşı ad çəkmədən ünvanladığı fikirləri ilə də əlaqələndirmək olar. Bilirsiz ki, Xamnei dəfələrlə “qonşu dövlətlər İranın daxili işlərinə qarışır”, yaxud “regionda sərhədlərin dəyişdirilməsi mümkün deyil” kimi bəyanatlar verməklə Zəngəzur dəhlizinin açılmasına qarşı olduqlarını bildirirlər. Bunlar hamısı İranın hakimiyyətinin davranışına, Azərbaycana münasibətinə bir daha nəzər yetirməsinə çağırışdır.
Prezident İran hakimiyyəti qarşısında Azərbaycan dövlətinin şərtlərini təzələyib, İrana münasibətləri normallaşdırmaq üçün təkliflərini irəli sürüb.
Hədə dili ilə danışmayın, terror etməyin, Azərbaycanın Tehrandakı terror hücumunun günahkarları tapılsın, Azərbaycanla xoş qonşuluq münasibətləri qurun. Prezidentin çıxışındakı əsas ismarıclar İrana budur” - deyə S.Soltan qeyd etdi.
Leyla QARAXANLI