“Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi mövcuddur”.
Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən konfransda sualları cavablandırarkən deyib.
Ölkə başçısının sözlərinə görə, biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik: “Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu daha ədalətsiz və haqsız idi. Əlbəttə ki, biz buna daha çox həssas yanaşırdıq. İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Ona görə də buna çox diqqət yetirmirik”.
Maraqlıdır, Azərbaycana münasibətdə bu cür fərqli yanaşma zaman-zaman nədən irəli gəlir?
“Ona görə belə ədalətsiz münasibətlə üzləşirik ki, həmsədr ölkələr bir vaxtlar bizim tarixi ərazilərimizdə qondarma dövlət yaradıblar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev belə ikili yanaşmanı bir sıra amillərlə əlaqələndirdi: “Həqiqətən də ərazi bütövlüyü məsələsində ölkələrə fərqli baxış var. Biz 30 il ərzində bunun ağrı-acısını çəkdik. MDB məkanında mövcud olan digər separatçı fəaliyyətlərə münasibətdə Qərb daha sərt idi və birmənalı şəkildə bunu pisləyirdi. Qarabağ məsələsinə gəldikdə isə, analoji qətiyyət göstərilmirdi. Hətta ABŞ 1998-ci ildən başlayaraq Qarabağdakı erməni separatçılarına ayrıca humanitar yardım adı altında maliyyə yardımı ayırırdı. Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun 3 həmsədri var idi. Təəssüflər olsun ki, həmsədr dövlətlər - ABŞ, Rusiya, Fransa Azərbaycana ərazi bütövlüyü, Ermənistanın ölkəmizə təcavüzü məsələlərində ikili standartlardan yanaşırdılar. Faktiki olaraq riyakar yanaşma var idi. Ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına rəğmən, bunların icrası ilə bağlı heç bir təşəbbüs ortaya qoyulmurdu. Əslində Azərbaycan ərazilərini Ermənistan təkbaşına işğal etməmişdi. O zaman bilavasitə Rusiyanın dəstəyi ilə işğal etmişdi. Bunu nəinki biz, Qərb də bilirdi. Ancaq problem onda idi ki, bütün bunlara rəğmən ABŞ-la Fransa Azərbaycanın güzəştə getməsini istəyirdi. Bunu da onunla əsaslandırırdılar ki, Azərbaycan müharibəni uduzan tərəf olduğu üçün sözügedən reallıqlarla barışmalıdır. Ancaq bütün təzyiqlərə baxmayaraq, Azərbaycan bununla barışmadı. Güc toplayaraq ərazilərini işğaldan azad etdi. Otuz il ərzində formalaşan ədalətsiz status-kvonu darmadağın etdi. Artıq tamamilə yeni reallıq yaranıb və kimsə bunu dəyişə bilməz. İndi əsas məsələ Xankəndi və digər ərazilərimizə nəzarəti bərpa etmək, Ermənistan ordusunun qalıqlarını Qarabağdan birdəfəlik çıxarmaqdır. Əfsuslar olsun ki, biz bunda da ədalətli yanaşma görmürük. Laçın yolunun başlanğıcında Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurur, keçmiş həmsədrlər bunu sərt bəyanatlarla qarşılayır. Ona görə belə ədalətsiz münasibətlə üzləşirik ki, həmsədr ölkələr bir vaxtlar bizim tarixi ərazilərimizdə qondarma Ermənistan dövləti yaradıblar. Onlar istəmir ki, süni şəkildə yaradılan Ermənistan təbii olaraq xəritədən yox olsun. Çünki onların “Böyük Ermənistan” layihəsi həyata keçmədi. Bax, məsələnin kökündə bu dayanır. Başqa bir tərəfdən ortada xristian təəssübkeşliyi var. Azərbaycan gücləndikcə, bütün bu maneələri aşır. Ancaq bütün bunlara baxmayaraq, biz daim ayıq-sayıq olmalıyıq”.
Vidadi ORDAHALLI