Separatçı ermənilər "qaz yerişi yerimək istəyən toyuğun cərcənək" olması məsəlindən yəqin ki, xəbərsizdirlər. Xəbərləri olsaydı, Azərbaycan ekofəallarının Laçın yolunda bir neçə ay davam etdirdikləri və uğurla sona çatdırdıqları aksiyanı gülünc formada yamsılamaq fikrinə düşməzdilər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Aprelin 28-də separatçı ermənilər Azərbaycanın Laçın yolunda "KPP" yaratması əleyhinə imza toplamağa başladılar və mayın 2-də isə Xankəndi-Şuşa yolunun başında aksiyaya başladılar. Bəyan ediblər ki, Azərbaycan Laçın yolunda "KPP"-ni ləğv edənə kimi aksiyanı davam etdirəcəklər.
Separatçıların parodiya-aksiyasının qeyri-ciddi və gülünc tərəfləri nədir?
1. Azərbaycanın ekofəal aksiyaçıları əsaslı səbəbə görə, mübarizəyə başladılar və uğur qazandılar. Separatçıların aksiyası isə qondarma səbəbə söykənir, çünki Xankəndi ilə bağlı Azərbaycanın heç bir "etnik təmizləmə" niyyəti yoxdur.
2. Azərbaycan dünyada artıq rəy yarada bilib ki, Laçın yolunda nəzarət məntəqəsi razılaşılmış sənədlərdə nəzərdə tutulmamış işlərə və yüklərə qarşı çevrilib.
3. Separatçıların öz aksiyalarını aylarla davam etdirməsinə maliyyə, iqtisadi və insani resursları heç vaxt yetməz.
Bunlar onu göstərir ki, separatçıların "aksiyası" adi parodiya effektindən uzağa getməyəcək...
Tahir TAĞIYEV