Ermənistanda azyaşlılar Azərbaycan ərazisində təxribat hazırlığına cəlb edilir. Bu barədə görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Görüntülərdə ASALA terror təşkilatının simvolları altında uşaqlar öldürmək və Azərbaycan ərazisində təxribat törətmək üçün öyrədilir. Erməni uşaqlara silah və partlayıcı maddələrlə necə davranmaq öyrədilir. Azyaşlı uşaqların hərbi təlimi İrəvanın şimal ətrafı Nor Artametin kənarında keçirilir.
O da məlumdur ki, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə əsasən, 15 yaşından kiçik uşaqların hərbi xidmətə çağırılması, işə götürülməsi və ya hərbi əməliyyatlarda istifadəsi müharibə cinayəti hesab edilir. Ancaq Ermənistanda buna əhəmiyyət verən yoxdur. Bənzər hal İkinci Qarabağ müharibəsində də qeydə alındı. Ermənilər uşaqlardan hərbi məqsədlər üçün istifadə edirdilər və bunu gizlətmirdilər. Ancaq beynəlxalq təşkilatlar Ermənistanın uşaqlardan bu məqsədlə istifadə etməsinə etiraz etmir.
“Bu, dövlət səviyyəsində himayə olunan bir siyasətdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Tural İsmayılovun fikrincə, ümumiyyətlə, illərdir Ermənistan uşaqlardan çirkin ideoloji məqsədlər üçün istifadə edir: “Bu, dövlət səviyyəsində himayə olunan bir siyasətdir. Uzun illərdir Ermənistan öz dövlətçiliyinin mövcudiyyət təməli kimi bu prosesi görüb və mənimsəyib. Ermənistan bu siyasəti həm 44 günlük Vətən müharibəsinə qədər, həm də müharibədən sonra davam etdirib. Bu sahədə praktiki olaraq dəyişən bir şey yoxdur. Günü bu günə qədər Ermənistanda faşist ideologiyası orta məktəblərin tədris proqramından çıxarılmayıb. Eyni zamanda, Ermənistan hakimiyyəti guya Türkiyə ilə münasibətləri normallaşdırdığını söyləsə də, hələ də ölkədəki bütün pedaqoji materiallarda, tədris vasitələrində və dərsliklərdə Türkiyə və Azərbaycan əleyhinə kəskin materiallar dərc olunur. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələdə Azərbaycanın tam haqlı bir mövqeyi var. Azərbaycan uşaqlardan qanunsuz şəkildə Ermənistanın öz təbliğatında hərbi məqsədlər üçün istifadə etməsi məsələsini daim beynəlxalq platformalarda qaldırır. Bugünə qədər Ermənistanın bir sıra cinayətlərinə göz yuman beynəlxalq birliyin, xüsusən də BMT-nin Uşaq Fondu (UNICEF) kimi təşkilatların bu məsələdə səssizliyi heyrət doğurur. Bu, çox böyük ədalətsizlik və iküüzlülükdür. Şübhə etmirəm ki, bənzər fəaliyyət Azərbaycanda qeydə alınsaydı, dərhal buna reaksiya verərdilər. O dəqiqə bunu əllərində əsas tutub Azərbaycanı ittiham edərdilər. Ancaq mövzu Ermənistan olduqda beynəlxalq qurumlar ya kor, ya da lal olurlar. Necə ki, illərdir YUNESKO işğal olunmuş ərazilərimizdə törədilən vandallığı və barbarlığı görməzdən gəlir”.
Vidadi ORDAHALLI