Ermənilərin Xudavəng məbədi ilə bağlı uydurma xarakterli iddiaları dayanmaq bilmir. Bu arada Eçmiədzin kilsəsi növbəti belə iddia ilə çıxış edib.
Müqəddəs Eçmiədzin Ana Taxtı bəyan edib ki, guya Xudavəng (Dadivank) monastırının Alban abidəsi ilə heç bir əlaqəsi yoxdur: “Erməni ruhaniləri Dadivank monastırında mənəvi xidmətini davam etdirir. Ruhanilərimiz monastırın təhlükəsizliyini təmin edən Rusiyanın sülhməramlı missiyası sayəsində Dadivank monastırında mənəvi xidmətini davam etdirir. Dadivankın alban olması ilə bağlı yalan iddialara gəlincə, təkzibedilməz tarixi fakt ondan ibarətdir ki, monastır əsl erməni abidəsi olub və alban kilsəsi ilə, xüsusən də yeni aşkar edilmiş alban-udi dini icması ilə heç bir əlaqəsi yoxdur”.
Bütün hallarda belə uydurma iddianın hansısa tarixi əsası varmı?
Qasım Hacıyev: “Ermənilərin nəinki qədim dövr, heç orta əsr abidələrinə də heç bir aidiyyəti yoxdur”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev hesab edir ki, Eçmiədzin kilsəsinin iddiaları ağ yalandır: “Bununla bağlı ilk növbədə onu nəzərə almaq lazımdır ki, Azərbaycan ərazilərində XIX əsrin ortalarına qədər çox az sayda erməni olub. Məhz həmin dövrdən sonra Çar Rusiyasının siyasətinə uyğun olaraq ermənilər kütləvi şəkildə ərazilərimizə köçürülüb. Belə olan halda ermənilərin nə zəiyarətgahı, nə də yaradıcı mədəniyyət irsi ola bilməzdi. Bunu hamı, o cümlədən dünya tarixçiləri bilir. Bilirlər ki, ermənilər Azərbaycan ərazilərinə 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra kütləvi şəkildə köçürülüblər. Bu baxımdan ermənilərin nəinki qədim dövr, heç orta əsr abidələrinə də heç bir aidiyyəti yoxdur. Çünki Xudavəng monastırı xristian Albaniyası dönəmində inşa olunan abidədir. Nəinki Xudavəng, Yelisey məbədi, Ağoğlan kilsəsi, Gəncəsər monastırı Azərbaycan Albaniyasının xristianlıq dövründə yaradılıb. Ona görə də bu abidələr Azərbaycan xalqına məxsusdur. Azərbaycanda illərdir xristian-udi icması mövcuddur. Belə götürəndə, ermənilər hansı saxtakarlıqlar etmirlər ki? Onlardan nə desən gözləmək olar. Şəxslər, xalq qəhrəmanları haqqında saxtakarlıqlar edirlər. Onlar o qədər uydurmalar yazıblar ki, hətta ermənilər özləri bir-birinin yazdıqlarını təkzib edirlər. Bir mənsəbə qulluq edə bilmirlər. Ona görə də Eçmiədzin kilsəsinin dedikləri boş söhbətdir. Ermənilər Alban abidələrinə iddia edə bilməz. Bununla bağlı dedikləri uydurmadır. Çünki faktlarla təsdiq olunmur”.
Rafik Danakari: “Xudavəng monastırı Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsidir”
Məsələ ilə bağlı Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari də qəzetimizə açıqlamasında erməni tərəfinin iddialarının yalan olduğunu qeyd etdi: “Xudavəng monastırı Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsidir. Monastırın adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd edilir. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqəlidir. Baxmayaraq ki, bizim torpaqlarımız azad olunub, biz sərbəst şəkildə Xudavəngə gedə bilmirik. Çünki ora rus sülhməramlıları nəzarət edir. Ermənilər də yaranmış vəziyyətdən istifadə edərək yalan iddialarla çıxış edirlər. Bir məqamı da qeyd edim ki, biz 1836-cı ildən oralara gedə bilməmişik. Ona görə ki, Çar Rusiyası bizim Alban kilsələrinin hamısını erməni Qriqoryan kilsəsinin tabeliyinə verib. Bu səbəbdən ermənilər tarixi saxtalaşdıraraq Xudavəngi öz adlarına yazırlar”.
Vidadi ORDAHALLI