Azərbaycanlı ekofəallar ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirdikləri 138 günlük dinc aksiyanı dayandırar-dayandırmaz, separatçılar onları yamsılamağa başladılar.
Ermənistan KİV-nin yaydığı məlumata görə, Xankəndidəki separatçı gənclər mayın 2-də Laçın yolunda quraşdırılan nəzarət-buraxılış məntəqəsinə qarşı “dinc aksiya”ya başlayıblar. Aprelin 28-də isə “qarabağlı gənclər”in “Artsaxda etnik təmizləməyə yox” şüarı ilə imza toplamağa başladığı yazılır. Guya Azərbaycan bu məntəqəni “qanunsuz” olaraq qurub və bu da onları “dinc aksiya” keçirməyə “vadar” edib. İddia ediblər ki, guya “aksiya”ları keçid məntəqəsi sökülənə qədər davam edəcək. “Təşəbbüs qrupunun” üzvü David Baqryan bildirib ki, onlara 100-ə yaxın könüllü qoşulub, aprelin 28-də “qarabağlı gənclər” “Artsaxda etnik təmizləməyə yox” şüarı ilə imza toplamağa başlayıblar. “Fəallar” bu imzaları artıq ölmüş və tarixin səhnəsindən getmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə-Rusiya, Fransa və ABŞ-a ünvanlayacaqlarını deyirlər. Amma unudurlar ki, ölülərə məktub yetişmir.
O da deyilir ki, “imza toplanmasına” separatçıbaşı Arayik Arutyunyan da qoşulub.
Aydın Quliyev: “...Separatçıların "aksiyası" adi parodiya effektindən uzağa getməyəcək...”
Separatçı gənclərin “dinc aksiya”sına və “tələblər”inə “Bakı-Xəbər” Media qrupunun rəhbəri Aydın Quliyev rəsmi “Feysbuk” səhifəsində belə şərh verib: “Separatçı ermənilər “qaz yerişi yerimək istəyən toyuğun cərcənək” olması məsəlindən, yəqin ki, xəbərsizdilər. Xəbərləri olsaydı, Azərbaycan ekofəallarının Laçın yolunda bir neçə ay davam etdirdikləri və uğurla sona çatdırdıqları aksiyanı gülünc formada yamsılamaq fikrinə düşməzdilər. Aprelin 28-də separatçı ermənilər Azərbaycanın Laçın yolunda "KPP" yaratması əleyhinə imza toplamağa başladılar, mayın 2-də isə Xankəndi-Şuşa yolunun başında aksiyaya başladılar. Bəyan ediblər ki, Azərbaycan Laçın yolunda "KPP"-ni ləğv edənə kimi aksiyanı davam etdirəcəklər. Separatçıların parodiya-aksiyasının qeyri-ciddi və gülünc tərəfləri nədir?
1 .Azərbaycanın ekofəal aksiyaçıları əsaslı səbəbə görə mübarizəyə başladılar və uğur qazandılar. Separatçıların aksiyası isə qondarma səbəbə söykənir, çünki Xankəndi ilə bağlı Azərbaycanın heç bir “etnik təmizləmə” niyyəti yoxdur.
2.Azərbaycan dünyada artıq rəy yarada bilib ki, Laçın yolunda nəzarət məntəqəsi razılaşılmış sənədlərdə nəzərdə tutulmamış işlərə və yüklərə qarşı çevrilib.
3.Separatçıların öz aksiyalarını aylarla davam etdirməsinə maliyyə, iqtisadi və insani resursları heç vaxt yetməz.
Bunlar onu göstərir ki, separatçıların "aksiyası" adi parodiya effektindən uzağa getməyəcək...”
Azər Həsrət: “Bu bizim üçün heç bir əhəmiyyəti, mənası, təsiri olmayan bir aksiyadır, bununla özləri özlərini gülünc vəziyyətə salırlar”
Siyasi şərhçi Azər Həsrət də hesab edir ki, bu “aksiya” ümumiyyətlə heç bir məntiqə sığmır: “Onlar bununla nə əldə edəcəklər, nəyə nail olacaqlar ki? Azərbaycan öz sərhədində nəzarət-buraxılış məntəqəsi quraşdırıb, nəzarət təşkil edib. Xarici ölkə ilə arasında bu sərhədi qurmaq Azərbaycan dövlətinin suveren haqqıdır. Dünyanın heç bir dövləti də, heç bir təşkilatı da gəlib deyə bilməz ki, sən öz sərhədini başlı-başına burax, nəzarət etmə. Bu mümkün deyil. Dünyanın bütün ölkələrində sərhəd nəzarəti var, o cümlədən də Azərbaycanda. Məntəqə də Ermənistanla sərhəddə qurulub. Yəni Azərbaycan ərazisindən kimsə quru yolla Ermənistana keçmək istəyəcəksə, o nəzarət məntəqəsindən keçməlidir, Ermənistandan da kim Azərbaycan ərazisinə keçmək istəyirsə ordan keçməlidir. Burada nə var ki? Bu adamlar nə istədiklərini, nəyə nail ola biləcəklərini özləri də düzgün müəyyənləşdirə bilməyiblər. Nə qədər etiraz edirlərsə etsinlər, amma heç nəyə nail ola bilməyəcəklər. İmza toplayırlar toplasınlar. Kim bizə nə deyə bilər? Bu boş bir şeydir, Azərbaycan ekofəallarını yamsılamaqdan başqa bir şey deyil. Dünyanın ciddi qurumları, ciddi adamları separatçıların bu hərəkətlərinə gülüb keçəcəklər. Çünki orada bir məntiq yoxdur. Amma bizim ekofəalların aksiyasına gəldikdə, orada məntiq vardı, Azərbaycanın təbii sərvətləri talanırdı, Azərbaycan ekofəalları onun və ümumiyyətlə o yoldan nəzarətsiz istifadənin qarşısını almaq istəyirdi, biz də ona nail olduq. Artıq nəzarətsiz istifadə yoxdur. O yolla sağa-sola kim keçmək istəyirsə bizim nəzarətimiz altınfa keçəcək. Yəni bizim yeraltı sərvətlərimizin talanması da dayandırılıb. Artıq heç kəs Azərbaycanın sərvətlərini talayıb Ermənistana apara bilmir. İndi erməni gəncləri nə etmək istəyirlər? Etiraz edirlər, bizə nə, qoy nə qədər istəyirlər etsinlər. etraz edib nə edəcəklər? O yoldan istifadədən imtina edəcəklər? Etsinlər. Yenə də öz seçimləridir, biz heç nə demirik”.
A.Həsrət vurğuladı ki, Azərbaycan dövlətinin vəzifəsi 10 noyabr 2020-ci ilin üçtərəfli bəyanatında göstərildiyi kimi, həmin yoldan təhlükəsiz istifadəni təmin etməkdir, özü də vətəndaşlar üçün. “Bu ifadənin altını xüsusi cızmaq lazımdır. Söhbət hansı vətəndaşlardan gedir? Təbiidir ki, Azərbaycan Respublikasının vətəndaşlarından gedir. Yəni Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs, o cümlədən də erməni vətəndaşlarımız həmin yoldan təhlükəsiz istifadə edə bilərlər və bunu da Azərbaycan dövləti təmin edir. Başqa nəyə etiraz edirlər? Bu bizim üçün heç bir əhəmiyyəti, mənası, təsiri olmayan bir aksiyadır, bununla özləri özlərini gülünc vəziyyətə salırlar”-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA