Ermənistan Statistika Komitəsinin açıqladığı rəqəmlər təsdiqləyir ki, ölkə əhalisinin sayı azalıb. Komitənin açıqladığı rəsmi statistikaya əsasən, əhalinin sayı 2 milyon 638 min 917 nəfər olub. Əvvəlki illərlə müqayisədə rəqəmlərdə azalma qeydə alınıb.
Belə ki, 2022-ci ilin oktyabrına olan məlumata görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər təşkil edib. Son bir il ərzində əhali sayında təxminən 290 min azalma müəyyən edilib. Bir sıra yerli ekspertlərin fikrincə, əhalinin azalması ölkədə hökm sürən yoxsulluq və işsizliklə bağlıdır. Maddi baxımdan çətinlik çətən sakinlər çıxış yolunu başqa ölkələrə üz tutmaqda görürlər.
Burada diqqəti çəkən məqam odur ki,Ukrayna müharibəsi ilə əlaqədar Rusiya biznesmenləri şirkətlərini İrəvana köçürdü, ölkədə indiyə qədər olmayan iqtisadi artım qeydə alındı. Bütün bunlarla əlaqədar Ermənistan 1 milyard dollardan çox gəlir əldə etdi və s. Ancaq məlum olur ki, bunların heç biri əhalinin Ermənistanı tərk etməsini önləyə bilməyib.
“Nə qədər ki, Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlər qurmayıb, vəziyyət bu cür də davam edəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov Ermənistanda yaranan bu vəziyyəti bir sıra amillərlə əlaqələndirdi: “Ümumən, biz mütəmadi olaraq əvvəlki illərdə də əhalinin Ermənistanı tərk etdiyini müşahidə edirdik. Əhalinin Ermənistanı tərk etməsinin bir neçə səbəbi var. Əsas səbəb ölkədəki iqtisadi və sosial çətinliklərdir. Praktiki olaraq Ermənistan iqtisadiyyatında, sosial sferasında problemlər qalmaqdadır. Xüsusən Ermənistanda, rəsmi statistikaya görə, təkcə gənclər arasında yoxsulluq səviyyəsi 30 faizə yaxındır. Ölkə üzrə isə yoxsulluğun səviyyəsi 19,5 faizdir. Eyni zamanda, işsizlik səviyyəsi də kifayət qədər yüksəkdir. Beynəlxalq hesabatlara əsasən, Ermənistanda gənclərin 3 nəfərdən biri işsizdir. Bütün bunlar, təbii ki, əhalinin davamlı şəkildə ölkəni tərk etməsinə öz təsirini göstərir. O baxımdan hesab edirəm ki, Ermənistandan əhalinin köçməsi davam edəcək. Ona görə ki, Ermənistanda hakimiyyətdə olan qüvvələrin uzun müddət apardıqları siyasət ölkənin təcrid olmasına və iqtisadiyyatının ciddi surətdə zəifləməsinə gətirib çıxarıb. Bütün bunlarla yanaşı, ötən illər ərzində bu ölkənin iqtisadi asılılığı da xeyli güclənib. Çünki Ermənistanın xarici borcunun ümumi daxili məhsuldakı payı 65 faizdən çoxdur. Bu, MDB məkanında ən kritik göstərici hesab olunur. Ona görə də həm Ermənistanın rəsmi statistikası, həm də beynəlxalq hesabatlardakı rəqəmlər bir daha təsdiq edir ki, əhalinin ölkəni tərk etməsinin əsas səbəbi iqtisadi və sosial çətinliklərdir. Nə qədər ki, Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlər qurmayıb, vəziyyət bu cür də davam edəcək. Hansısa keçici xarakterli iqtisadi yardımlar, sərmayə qoyuluşları ölkədəki fundamental iqtisadi və sosial problemləri həll edə bilməyəcək. Ermənistanın çıxış yolu qonşu dövlətlərə yönəlik ərazi iddialarından əl çəkməsindən keçir”.
Vidadi ORDAHALLI