Azərbaycanın Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmasından sonra separatçılar arasında qarşıdurma açıq müstəviyə keçir.
Qarabağdakı qondarma qurumun “xüsusi tapşırıqlar üzrə nümayəndəsi” David Babayan bəyan edib ki, bütün bunlara görə Araik cavab verməlidir: “Həlledici mərhələdəyik, Arutyunyan təcili cavab verməlidir. Səlahiyyətli orqanlar Laçın dəhlizində yaradılmış Azərbaycan keçid məntəqəsində “Arsax” vətəndaşlarının saxlanması və pasportlarının yoxlanılması “insident”inə dərhal aydınlıq gətirməlidir. Baş verənlər biabırçılıqdır. İndi biz həlledici mərhələdəyik və cəmiyyət öz “hakimiyyət”indən tutmuş Moskva və Qərbə qədər bir çox suallara cavab gözləyir. İlk növbədə “Arsax” “hakimiyyət”i təcili cavab verməlidir. Biz nə edirik, istiqamətimiz haradır? Cavablar çox yaxın zamanlarda eşidilməlidir. Cəmiyyət tələb edir, gözləməyə də vaxt yoxdur”.
Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan da Araiki ittiham edib: “Baş verənlər onu göstərir ki, günahkar Arayik Arutyunyan və ətrafıdır”.
Belə görünür ki, bu gedişlə separatçılar arasında qarşıdurma daha da kəskinləşəcək.
“Bu, Qarabağın digər hissəsinin də Azərbaycanın nəzarətinə daha tez keçməsinə təkan verə bilər”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, dairə məhdudlaşdıqca separatçılar arasında qarşıdurma daha da kəskinləşəcək: “Əvvəla, Azərbaycan döləti məsələlərin sakit məcrada həllinin tərəfdarıdır. Dəfələrlə bununla bağlı Qarabağda yaşayan erməni icmasına çağrışlar edilib. Reinteqrasiya ilə bağlı qarşılıqlı fəaliyyət gündəmə gətirilib. Ancaq hər dəfə orada bir ovuc separatçı buna imkan verməyib. Xüsusən də Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətində olmasından sui-istifadə edərək Qarabağa silah daşımağa başladılar. Belə olan halda Azərbaycan ardıcıl şəkildə tədbirlər görməyə başladı. Əvvəlcə, dekabrın 12-də Şuşa-Laçın yolunda ekoaktivistlər aksiya keçirərək təbii sərvətlərimizin talan etməsinin qarşısını aldılar. Bu, ölkəmizin yumşaq güc siyasəti idi. Bir müddət keçəndən sonra ermənilər Xankəndi-Xələfli torpaq yolu ilə silah daşımağa başladılar. Bu zaman ordumuz müdaxilə edərək həmin yolları bağladı. Ən nəhayət, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi quruldu. Bununla da separatçıların nəfəsliyi qapadıldı. Araik yox, başqa bir separatçı da olsaydı belə, kimsə Azərbaycanın bu addımının qarşısını ala bilməzdi. O üzdən, separatçıların “günah keçisi” axtarmasının heç bir mənası yoxdur. Ona görə ki, mövcud geosiyasi proseslər ölkəmizin xeyrinə işləyir. Araik olmasın, hansısa Aşot olsun, bunların heç biri vəziyyəti separatçıların xeyrinə dəyişə bilməyəcək. Bu baxımdan yaranan vəziyyətdən maksimum istifadə etməliyik. İstənilən halda separatçılar arasında qarşıdurmanın kəskinləşməsi bizim xeyrimizədir. Bu, Qarabağın digər hissəsinin də Azərbaycanın nəzarətinə daha tez keçməsinə təkan verə bilər”.
Vidadi ORDAHALLI