Rusiya bölgədə Ermənistanı açıq şəkildə himayə edir, amma Ermənistan əlinə fürsət düşən kimi öz ağasını satır, ona xəyanət yolunu tutur.
Məlum olduğu kimi, aprelin 26-da BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən BMT və Avropa Şurası arasında əməkdaşlığa dair qətnamə qəbul edib. Trend-in məlumatına görə, bu barədə erməni KİV-ində qeyd edilib.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya qətnamədən Ukraynaya təcavüzə işarəni çıxarmaq istəyir, lakin sənəd lehinə 122 səslə qəbul edilib.
Digər ölkələrlə yanaşı, Ermənistan, Qazaxıstan, Çin və Türkiyə də qətnaməni dəstəkləyib. Rusiya, Belarus, Nikaraqua, Suriya və Şimali Koreya qətnaməyə qarşı çıxıblar. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər 15 ölkə bitərəf qalıb.
Beləliklə, Rəsmi İrəvanın rəsmi Moskvaya qarşı növbəti xəyanəti özünü göstərdi və Ermənistan BMT-də Rusiyanı təcavüzkar kimi tanıyan qətnaməni dəstəklədi.
“Paşinyan beynəlxalq platformalarda Rusiyanın əleyhinə bir çox qərarlarda iştirak edərək...”
Məsələyə şərh verən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın Rusiyaya xəyanət edəcəyi gözləniləməz deyildi, bu baxımdan da, buna təəccüblənmək olmaz. “Ermənistanın bu addımı Rusiyaya qarşı düşmən siyasətin növbəti davamı kimi xarakterizə olunur. Bu gün Ermənistan hakimiyyəti ikili oyunlar oynayır. Yəni həm özünü Rusiyaya, həm də Qərbə bağlı kimi göstərir. Paşinyan beynəlxalq platformalarda Rusiyanın əleyhinə bir çox qərarlarda iştirak edərək Qərbə ona sadiq olduğunu göstərir. Eyni zamanda önəmli məqamlardan biri də ondan ibarətdir ki, Rusiya da hazırda Paşinyanın biryanlı ritorikasını qəbul etmir. Amma buna baxmayaraq, Rusiya Ermənistanı cəzalandırmaq üçün üsul və vasitələrdən istifadə etmir”.
O hesab edir ki, Ermənistan tarixi layihə kimi və Rusiyanın forpostu olaraq regionda gərginlik yaratmaqdan ötrü Rusiya üçün sərfəli oyuncaq rolunu oynayır. Bununla belə, T. İsmayılov “BMT-dəki son qərardan sonra Ermənistan-Rusiya münasibətlərinin daha da dalana dirənəcəyini güman edirik”-deyə vurğuladı.
Əli TURABOV