Türkiyə Ermənistanın “Flyone Armenia” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb. Bu səbəbdən də İrəvandan Parisə uçan təyyarə Moldova paytaxtına eniş etməli olub.
“Flyone Armenia” aviaşirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib ki, Türkiyənin aviasiya hakimiyyət orqanları “Flyone Armenia” şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni əvvəlcədən xəbərdarlıq etmədən ləğv edib.
Erməni tərəfi Türkiyəni hava məkanını bağlamaqda ittiham etsə də, bunun həqiqətə uyğun olmadığı bildirilib. Məlum olub ki, Türkiyə öz hava məkanından istifadə ilə bağlı müvafiq müraciət almayıb: “Məsələ burasındadır ki, beynəlxalq qaydalara görə, uçuşlar həyata keçirən aviaşirkət uçuşu üçün səmasından istifadə etmək istədiyi ölkəyə müraciət etməlidir. Özü də əvvəlcədən, uçuşların həyata keçirilməsindən əvvəl. Göründüyü kimi, Türkiyə tərəfinə belə bir müraciət daxil olmayıb və bununla bağlı uçuşlar həyata keçirilməyib”.
Digər tərəfdən, son günlər Ermənistanda Türkiyə əleyhinə kəskin fikirlər səsləndirilir. Son günlərdə bir neçə dəfə Türkiyə və Azərbaycan bayraqları yandırılıb. Üstəlik, aprelin 25-də İrəvanda “Nemesis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı keçirilib. Bütün bunların fonunda, əlbəttə ki, Türkiyə hava məkanını Ermənistan üçün bağlamalı idi. Niyə də Türkiyə bu addımı atmasın? Yaxşı olardı ki, hava məkanı ermənilər üçün ümumiyyətlə açılmasın.
“Türkiyə doğru olaraq hava məkanını onlar üçün bağladı və bunun müddəti uzadılmalıdır”
Bununla bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, Ermənistanla bağlı hansısa humanist addımın atılması əks nəticələr verir: “Ona görə ki, bu hay toplumunun niyyəti xəbisdir. Türkiyə qonşuluq münasibətlərini və Qərbin bu yöndə davamlı çağırışlarını nəzərə alaraq, Ermənistanla münasibətlərin normallaşması istiqamətində bir sıra addımlar atdı. Hava məkanını açdı, üçüncü ölkə vətəndaşlarının Ermənistan üzərindən Türkiyəyə keçməsinə razılıq verdi. İlk dövrlər belə gözləntilər var idi ki, bütün bunlardan sonra Ermənistan da qarşı tərəfə yönəlik xoşməramlı addımlar atacaq. Əksinə, Ermənistanda Türkiyəyə qarşı nifrəti daha da körüklədilər. Bir qrup erməni azarkeş İrəvanda Türkiyə yığması ilə qarşılaşmada “Nemesis” yazılan pankartı bütün oyun boyu nümayiş etdirdi. Qeyd edək ki, ASALA erməni terror təşkilatının 1920-22-ci illərdə Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı həyata keçirdiyi terror hücumları “Nemesis” əməliyyatı adlandırılıb. Bu əməliyyat nəticəsində bir neçə tanınmış ictimai-siyasi xadim öldürülüb. Bütün bunlar azmış kimi, “Nemesis” terrorunu həyata keçirənlərə abidə ucaldıldı. Bu o deməkdir ki, ermənilərə yönəlik hansısa xoşməramlı addım atılmamalıdır. Çünki bu cəmiyyət, kimliyindən asılı olmayaraq, revanşizm təfəkkürünə sahibdir. Ona görə də bunlarla yalnız güc dilində danışmaq lazımdır. Ermənistana hansısa güzəşt etsən, o dəqiqə digər güzəştlər istəyəcəklər. O üzdən, bunlarla yalnız güc dilində danışmaq lazım idi. Türkiyənin atdığı xoşməramlı addımlar müqabilində onlar bu il qondarma “erməni soyqırımı” ilə bağlı daha həyasız mövqe sərgilədilər. Necə deyərlər, bu dəfə daha çox Türkiyə bayraqlarını yandırdılar. Halbuki, bəzilərinin bununla bağlı gözləntiləri fərqli idi. Elə hesab edirdilər ki, ermənilər mötədil mövqedən çıxış edəcəklər. Ancaq bunların heç biri baş vermədi. Ona görə də Türkiyə doğru olaraq hava məkanını Ermənistan üçün bağladı və bunun müddəti uzadılmalıdır”.
Vidadi ORDAHALLI