“Mülki müqavilə”nin mərkəzi ofisində partiya üzvləri ilə Nikol Paşinyanın bir neçə saat davam edən görüşünün bəzi detalları üzə çıxıb. Erməni mediası iclasda iştirak edənlərə istinadla təhlükəsizlik məsələləri və Azərbaycanla münasibətlər, sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar getdiyini yazıb.
Qeyd edilib ki, Nikol Paşinyan partiyasının üzvləri ilə açıq danışıb və Ermənistan üçün çox çətin günlər olduğunu bildirib:
“Beynəlxalq ictimaiyyət də problemi tez bir zamanda həll etməyə, sülh müqaviləsi imzalamağa çağırır. Hər kəs bu vəziyyətdən bezib. Şəxsən hesab edirəm ki, Ermənistanın yaxın üç ildə mövcud olma şansı dözmək, status-kvonu uzatmaqdır. Həmin üç il ərzində Ermənistan silahlanacaq, güclənəcək və müxtəlif mövqelərdən çıxış edəcək. Biz üç il dözsək, qarşıdakı 200 il bizə qarşı oyun olmayacaq”.
Paşinyan Qarabağda taleyüklü vəziyyət olduğunu vurğulayıb, lakin bütün məsuliyyəti Rusiya Federasiyasının üzərinə atıb. Eyni zamanda o bildirib ki, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, müqavimət göstərmək iqtidarında deyil.
Belə çıxır ki, Paşinyanın əsl niyyəti sülhə nail olmaq deyil. Açıq etiraf edir ki, əsas planları vaxtı uzadıb, hərbi güc toplayıb sonra qisas almaqdır. Belə mövqedə olan adamdan sülh sazişi imzalamağı gözləmək olarmı?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu həqiqətən də gözlənilməz bir bəyanatdır: “İndiyə kimi sülh, dinc quruculuq, bölgə ilə əməkdaşlıq məsələlərini təkrar edən bu şəxsin belə militarist çağırışları doğrudan da heyrət doğurur. Onun dediklərində heç bir real perspektiv yoxdur. Mən inanmıram ki, onlar hazırlaşıb dərin mərhələyə çata bilsinlər. Yalnız atom dövləti olan ölkələr nəyəsə ümid edə bilər. Onların ümid edə biləcəyi heç bir şey yoxdur. Azərbaycan onlardan artıq heç nə tələb etmir, Qarabağın ermənilər yaşayan ərazilərində dövlət statusunun bərbasından başqa. Qalan məsələlərdə onlar heç nə itirmir. Qarabağı zorla ələ keçirmişdilər, indi tədricən sahibinə qayıdır və bu yolda da ciddi əngəllər yaradırlar. Əgər onlar yenə də sərsəm fikirlərə düşərsə, sülhyaratma prosesini pozarlarsa, vəziyyət çox çətin ola bilər. Çünki Amerika bu işə daha möhkəm baş qoşub. Bizim xarici işlər nazirimiz Amerikadadır, Blinken İlham Əliyevə zəng edib. Ermənistanın qarşısında may ayının sonlarına kimi sülhün əldə edilməsi tapşırığı qoyulub. Paşinyan bu fikiri ağıllı başla söyləyib, ya yox, bu barədə nəsə deməkdə çətinlik çəkirəm. Bu, tamamilə nonsens yarada biləcək vəziyyətə bənzəyir. Həmin planı həyata keçirmək gücü Ermənistanda yoxdur və heç vaxt da olmayacaq. Yaxşı olardı ki, Paşinyan sülh yolunda addımlar atsın. Əks təqdirdə daha pis vəziyyətə düşə bilər”.
Məhəmmədəli QƏRİBLİ