ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib.
ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.
Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.
Göründüyü kimi, Blinken yenə də sərhəddə nəzarət postunun qurulması ilə bağlı marağını gizlətməyib. Qeyd edək ki, ABŞ-ın bu məsələdəki marağı ermənilərlə çox yaxındır. Çünki sərhədə nəzarəti təmin etməyimizə ilk etiraz edən məhz ABŞ Dövlət Departamenti oldu. Blinkenin bu məsələyə göstərdiyi həssaslıq nə ilə bağlıdır?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanla sərhddə sərhəd keçid məntəqəsi açmaq Azərbaycanın tam suveren hüququdur: “Bu məsələyə beynəlxalq siyasi dairələr tərəffindən müxtəlif reaksiyalar verilməsi, məqsədli şəkildə manipulyasiyalar aparılması Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Bütün bunlar təəssüf doğurur. Necə ki, Azərbaycanın bütün sərhədləri boyu sərhəd keçid məntəqələri fəaliyyət göstərir, bu proses Ermənistanla sərhədlərimizdə də həyata keçirilir və gələcəkdə də digər bu kimi məntəqələr açıla bilər. Son günlər bəzi xarici ölkələrin, xüsusilə də Qərb dairələrinin bu məsələyə həssaslıqla yanaşması, narahatlıqlar ifadə edilməsi anlaşılan deyil. Bu dairələr əgər bölgədə sülh və təhlükəsizlik istəyirlərsə, Azərbaycanın Laçın yolunda sərhəd məntəqəsi açmaq qərarını alqışlamalı, dəstəkləməlidirlər. Çünki sərhəd məntəqəsinin açılması, Azərbaycan ərazilərinə daxil olan şəxslərin, avtomobillərin qanunla müəyyən edilmiş qaydada yoxlanılması həm də bölgədə sülhün qorunması məqsədi daşıyır. Məlumdur ki, Ermənistan uzun illər Azərbaycan ərazilərinə qanunsuz silah-sursat daşıyıb, narkotik maddələrin dövriyyəsi həyata keçirilib. Ərazilərimiz kütləvi şəkildə minalanıb. Azərbaycan hələ də bundan əziyyət çəkir. Bütün bu neqativ halların qarşısının alınması üçün nəzarətin gücləndirilməsi şərtdir”.
Azərbaycanın Laçında, yeni Azərbaycan-Ermənistan sərhədində nəzarət buraxılış məntəqəsi qurması tam haqqıdır, hüququdur. O cümlədən bu, Ermənistanla imzaladığımız üçtərəfli bəyanata da zidd deyil. Hər bir dövlət, o cümlədən Birləşmiş Ştatlar və Fransa da ölkəmizin belə bir davranışına - Laçında sərhəddə nəzarət buraxılış məntəqəsi qurmağımıza hörmətlə yanaşmalıdır. Ancaq təəssüf ki, Birləşmiş Ştatlar və Fransanın ölkəmizin sərhəd xidmətinin nəzarət buraxılış məntəqəsini qurduqdan sonra sərgilədiyi davranış yaranmış vəziyyətə adekvat deyil. Bu, Azərbaycanın hər iki dövlətlə münasibətlərinə zərər vurur.
Birləşmiş Ştatların belə bir mövqe nümayiş etdirməsi bir qədər təəccüblü oldu. Fransadan belə qərəzli, qeyri-obyektiv mövqe görməyə alışmışıq. Azərbaycan hər dəfə öz əraziləri üzərində suveren nəzarətini bərpa edəndə Ermənistanla bərabər bir sıra dövlətlər də narahat olur və həmin dövlətlərdən biri Fransadır. Yəni bu baxımdan Fransanın mövqeyi bizim üçün təəccüblü deyil. ABŞ isə belə davranışından əl çəkməlidir.
Məhəmmədəli QƏRİBLİ