Ermənistanın bəzi ictimai-siyasi xadimləri daşnak rejiminin kapitulyasiyası ilə nəticələnmiş 44 günlük müharibəyə yeni ad veriblər - Azərbaycan-Türk inqilabı...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Paşinyanın qatı əleyhdarları olan bu şəxslərin məqsədi cəmiyyəti Paşinyanın üstünə daha da qızışdırmaq olsa da, müəyyən mənada haqlıdırlar. Çünki həqiqətən də Azərbaycanın Vətən müharibəsi inqilabdır. Lakin bu inqilabın məzmunu ermənilərin təsəvvürlərindəki kimi deyil. Yəni ermənilər Şuşanın işğal günü olan 8 mayı öz aləmlərində Milli bayram kimi qeyd etdikləri halda, birdən-birə hər şey alt-üst oldu və ermənilərin içini yandıran 8 noyabr Zəfəri ortaya qoyuldu. Bunu Laçının işğal və azadolunma tarixləri barədə də demək olar. Ermənilər həqiqətən inqilab olan Vətən müharibəsinin inqilabi məzmununa çox kiçik bir deşikdən baxırlar. Halbuki məzmun daha böyükdür.
44 günlük müharibənin Azərbaycan - Türk inqilabı olaraq əsil inqilabi məzmunu nədən ibarətdir?
1. Bu sadəcə inqilab yox, Azərbaycan - Türkiyə geosiyasi inqilabı idi.. 2. Bu inqilab yeni geosiyasi reallıqlar yaratdı. 3. Bu inqilab saxta erməni iddialarının 100 illik "təntənəli yürüşünün" belini qırdı və İlham Əliyevin "Qarabağ Azərbaycandır" sözləri dünyanın dərk və qəbul etdiyi yeni reallığa çevrildi. 4. Ermənistan dövləti-Diaspor-Lobbi üçlüyünün "məğlubedilməzlik və fövqəlbəşərlik" imici məhv edildi. 5. Azərbaycandan addım-addım torpaq qoparmaq siyasəti əbədi olaraq dayandırıldı və tarixlər boyu itirdiyimiz ərazilərə yenidən Qayıdış, eləcə də həmin torpaqların addım-addım qaytarılması dövrü başladı...
Tahir TAĞIYEV