Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı səfəri başa çatdı. Səfər çərçivəsində onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Qonaq həmçinin həmkarı Ceyhun Bayramovla görüşüb. Fransa XİN başçısı Bakıdan İrəvana gedib. Səfərlə bağlı diqqət çəkən birinci məqam da Kolonnanın regiona ziyarəti Azərbaycandan başlamasıdır. İlk olaraq belə qənaətə gəlindi ki, Makron naziri Bakıya münasibətləri normallaşdırmaq üçün göndərir.
Ancaq Kolonna Bakıda gərgin məcrada olan Fransa-Azərbaycan münasibətlərinin normallaşması üçün heç bir bəyanat vermədi. Hesab olunur ki, bu səfərə bəslənən ümidlərin özünü doğrultmaması iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirmiş oldu. Belə olan təqdirdə Fransa Kolonnanı Bakıya niyə göndərmişdi?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədinə də gedib: “Kolonna Avropa İttifaqının Mülki Missiyasının işi ilə tanış olub və bunları deyib: “Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir”.
Fransa Avropa İttifaqının iki aparıcı ölkəsindən biridir. Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərdə siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika var. Bütün bunlara baxmayaraq, Fransadan gözləntilər çox idi. İstər 44 günlük müharibənin gedişində, istərsə də ondan sonrakı dönəmdə Fransa bizə qarşı rəsmi Ermənistan kimi, hətta ondan da sərt davrandı. Makronun gəlişindən sonra bu münasibət daha da gərginləşib. Fransanın əvvəlki prezidentləri Cənubi Qafqaza etdikləri səfər çərçivəsində hər zaman Bakını da ziyarət ediblər. Makron isə marşrutu yalnız Paris-İrəvan üzrə götürüb. Bu məsələdən də onun qərəzi açıq şəkildə görünür. Xarici işlər nazirini əvvəlcə Bakıya göndərməklə bir jest etdiyini düşündü. Ancaq Makron körpüləri elə “yandırıb” ki, bu kiçik jest Azərbaycan-Fransa münasibətlərinin normallaşması üçün kifayət etmir. O, Bakıya səfəri çərçivəsində ölkəsinin mövqeyinə aid yumşaldıcı bəyanatlar verməli idi. Biz bunu görmədik. Mən düşünürəm ki, Kolonnanın səfəri nəinki münasibətləri düzətdi, əksinə, olan ümidləri də puça çıxarmaqla, gərginliyi daha da artırmış oldu”.
Məhəmmədəli QƏRİBLİ