“2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir”.
Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən deyib.
Bu xüsusda dövlət başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşınmasını həyata keçirib. Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir.
Prezident İlham Əliyevin bütün bu açıqlamalarından sonra Fransa prezidenti nələri etməlidir?
“Makron Paşinyan hakimiyyətini Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməyə məcbur edə bilər”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, prezident Emmanuel Makron bununla bağlı gərəkən addımları atmalıdır: “Prezident İlham Əliyev aydın şəkildə Fransa xarici işlər nazirinə izah etdi ki, Ermənistan konkret hansı öhdəliklərə əməl etmir. Fransa Ermənistana çox yaxın ölkə olduğu üçün çox şey edə bilər. Təbii ki, əgər bunu isyəyəcəksə. Makron Paşinyan hakimiyyətini Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməyə məcbur edə bilər. Rəsmi Paris həqiqətən də iki ölkə münasibətlərinin yoluna düşməsini istəyirsə, o zaman pozucu mövqedən əl çəkməlidir. Gərəkən konkret addımlar atmalıdır. Ancaq hələ ki, Fransa hakimiyyətinin belə bir istəkdə olması müşahidə olunmur. Bu, Azərbaycan Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurandan sonra Fransa XİN-in kəskin və qərəzli bəyanatı timsalında bir daha özünü göstərdi. Məlum oldu ki, Fransa ermənipərəst siyasətindən əl çəkmək istəmir. Fransa gərəkən addımları atmasa da Azərbaycana mane ola bilməyəcək. Hər şey göz qabağındadır. Azərbaycan addım-addım öz hədəflərinə çatır. Laçında sərhəd-buraxılış məntəqəsi quruldu, Qarabağda separatçıların fəaliyyət dairəsi hər keçən gün məhdudlaşır. Fransa bu prosesin qarşısını ala bilməyəcək. Ona görə də Fransa hakimiyyəti Ermənistan rəhbərliyini, revanşist siyasi qüvvələri başa salmalıdır ki, onların gələcəyi qonşu ölkələrlə mehriban münasibətlərin qurulmasından keçir. Bu olmadan Ermənistan məhvə məhkumdur. Ona görə də Fransa Ermənistana sözügedən məsələlərlə bağlı təsir etməlidir”.
Vidadi ORDAHALLI