Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi aprelin 28-30-da Bakıda keçiriləcək “Formula 1” Qran Pri Avropa turnirinin təşkilatçı strukturunu və beynəlxalq idman ictimaiyyətini Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağdakı etnik təmizləmə siyasətinə etiraz səsini qaldırmağa çağırıb.
Tamamilə qərəz üzərində qurulan müraciətdə iddia edilir ki, guya Azərbaycanın bu tədbiri keçirməkdə məqsədi Qarabağ ermənilərinin məhv edilməsi siyasətini ört-basdır etməkdir: “Nazirlik idman ictimaiyyətinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistan və dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizini qanunsuz bağlayaraq, Dağlıq Qarabağı humanitar fəlakətin qarşısına qoyub. Bakıda “Formula 1” Qran Prinin təşkil edilməsinin məqsədi Dağlıq Qarabağ ermənilərinin məhv edilməsi siyasətini ört-basdır etməkdir. Biz “Formula 1” Qran Prinin təşkilatçılarını və iştirakçılarını etnik təmizləmə siyasətinin gizlədilməsinin bir hissəsi olmamağa çağırırıq”.
Görünən odur ki, Ermənistan Bakıda keçirilən “Formula 1” Qran Pri yarışını siyasiləşdirməyə çalışır. Bununla Ermənistan bir daha sübut etməyə çalışır ki, onun üçün vacib tədbir yoxdur. İdman, mədəniyyət tədbiri də siyasiləşdirilir. Bununla yanaşı, Bakıda keçirilən “Formula 1” Qran Pri tədbirinin Azərbaycana nüfuz gətirəcəyindən qorxurlar. Sözügedən tədbiri də siyasiləşdirməklə bağlı belə uğursuz cəhd göstərirlər.
Qran Priyə Ermənistanın müvafiq nazirliyinin bu müraciətinin arxasında hansı niyyətlər dayanır?
“Erməni tərəfinin “Formula 1”lə bağlı məlum müraciəti tədbirə kölgə salmaq məqsədi güdür”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın “Formula 1” tədbiri ilə bağlı belə müraciətlə çıxış etməsinin arxasında bir sıra məqsədlər dayanır: “Əvvəla, SSRİ dağıldıqdan sonra Ermənistan digər postsovet ölkələri ilə müqayisədə inkişaf etməmiş, daim Rusiyanın yedəyində sürünən ölkə olduğunu dəfələrlə sübut edib. İqtisadi baxımdan zəif olan, sərhədlərini başqa bir dövlət qoruyan ölkə, əfsuslar olsun ki, Azərbaycan kimi inkişaf edən ölkə ilə qonşudur. Bu da bir taledir. Ona görə də erməni tərəfi Azərbaycanın istənilən sahədə uğurlu addımına qısqanclıqla yanaşır. Hər vasitə ilə buna kölgə salmağa çalışırlar. Bu günlərdə Prezident İlham Əliyevin Şərqi Avropa ölkələrinə səfəri, müqavilələr imzalaması ən çox erməniləri məyus edir. O cümlədən, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi Ermənistanı narahat edir. O üzdən, müxtəlif təşkilatlara yalan informasiya verməklə çaşqınlıq yaratmağa çalışırlar. Erməni tərəfinin “Formula 1”lə bağlı məlum müraciəti tədbirə kölgə salmaq məqsədi güdür. Bunu siyasiləşdirməklə istəyirlər ki, tədbir beynəlxalq müstəvidə uğurlu alınmasın. Digər niyyət odur ki, bununla Azərbaycanın dünyadakı imicini zədələsinlər. Onlar yaxşı bilirlər ki, bir neçə ildir Azərbaycan bir sıra beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibliyi edir. Nəticədə Azərbaycan həm dünyada tanınır, həm də ölkəmizlə hesablaşırlar. Elə bunun nəticəsi idi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin edərkən beynəlxalq təzyiqlə üzləşmədi. Ölkəmiz hansısa sanksiyalara məruz qalmadı. Bəli, bu bizim haqq işimiz idi. Ancaq Azərbaycanın beynəlxalq nüfuzu zəif olsaydı, o zaman bir sıra problemlərlə üzləşə bilərdi. Başqa bir tərəfdən erməniləri narahat edən məqam odur ki, Azərbaycana olan maraq ildən-ilə daha da artır. Məlum təxribat xarakterli müraciət həm də bununla əlaqədardır. Ancaq hesab edirəm ki, ermənilərin Azərbaycanla bağlı bu məkrli oyunları heç bir nəticə verməyəcək”.
Vidadi ORDAHALLI