Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək mobil telefonunu və noutbukunu aldığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ələddin Hüseynov olduğu müəyyən edilib.
Oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə də müəyyən edilərək saxlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı