Bakı Telefon Rabitəsi MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bu barədə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanıb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanıb. Araşdırma zamanı saxlanan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.
Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. Saxlanan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.