Bir qədər əvvəl start götürən cüdo üzrə respublika çempionatının qalibləri artıq məlumdur. Bu yarışda DİN İdman Cəmiyyətinin komandası inamla çıxış edərək ümumi hesabda ikinci yerə sahib olub.
İstefada olan polis polkovniki Zakir Kərimovun hazırladığı komandanın üzvlərindən Elmira Mustafayeva çəkisi 57 kiloqramadək olan idmançılar sırasında qızıl medal, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova çəkisi 60 kiloqramadək olan idmançılar arasında bürünc medal qazanıb.
Kişilərin yarışında Rəşad Yelkiyev (60 kiloqram) və Süleyman Yaqubov (100 kiloqram) respublika çempionu olub.
Xatırladaq ki, bundan əvvəl R.Yelkiyev Macarıstanda keçirilən beynəlxalq turnirə qatılıb və həmin yarışda da inamla iştirak edərək mükafatlarına bürünc medal əlavə edib.
Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Kənan Abdullaxanlı (100 kiloqram) gümüş, Ayxan Cəfərov isə (+100 kiloqram) bürünc medal qazanıb.
Qazandıqları nailiyyətlərlə əlaqədar DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova cüdoçularımızı təbrik edib. Komandamızın təlim-məşq prosesinin bundan sonra da diqqətdə saxlanacağını bildirərək, onlara yeni uğurlar arzulayıb.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı