Məlumdur ki, fikir, söz, vicdan azadlığı insanın yaşamaq haqqı ilə birlikdə fitratdan gətirdiyi müqəddəs dəyərlərdir. Lakin bu dəyərlərin qorunaraq cəmiyyətin həyat tərzinə çevrilməsi əsrlər boyu təzyiqlərlə üzləşib. İnkvizisiya dövründə yadfikirlilərin təqib edilməsi, yalnız "Yer fırlanır" sözünə görə diri-diri yandırılan C.Bruno və milyonlarla ziyalının qətli bugünkü fikir, söz, vicdan azadlığının çox baha başa gəldiyinə şahidlik edir.
Fikir, söz, mətbuat və məlumat azadlığının inkişafına təkan verən mühüm amillərdən biri də 1637-ci ildə İngiltərədə çap işinin geniş vüsət alması olub. Təbii ki, bu, demokratiyanın çox vacib elementlərindən biri kimi azadfikirli insanların qürur mənbəyi idi. Lakin bundan narahat olan kral hakimiyyəti senzuranın tətbiqi barədə fərman verdi. Cəzaya ilk məruz qalan isə ədib U.Prinn oldu. O öz əsərində kraliçaya şər atmaqda günahlandırılaraq, qulaqları kəsildi və ömürlük həbs cəzasına məhkum edildi. Həmin dövrün fikir və söz azadlığının ən fəal müdafiəçisi şair C.Milton yazırdı: "... Mənə hər cür azadlıqdan daha öncə bilmək, danışmaq və öz məsləyimə uyğun sərbəst fikir yürütmək azadlığı verin..."
Beləliklə, dünya düzəninə təsir edən bu və digər misallara, habelə demokratik dəyərləri ilə fərqlənən müasir ölkələrə nəzər salarkən aydın olur ki, cəmiyyətin inkişafında azad sözün, mətbuatın rolu çox önəmlidir, hətta əksər hallarda həlledicidir!
Müstəqil Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı
İlk gündən inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Artıq demokratiyanın vacib elementlərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən birinə çevrilib.
Lakin 25 illik müstəqilliyimizin ilk illərinə nəzər salsaq həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalığın hökm sürdüyünü görərik. Bu vəziyyət, digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığının "qulağı kəsilir", jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Xəlbirlə su daşımaq qədər çətin olan belə şəraitdə hakimiyyətə gələn mərhum Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi.
1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Qeyd edək ki, cənab Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
"Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən biri idi. Əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına xələl gətirməsin. Cənab Heydər Əliyev söz, fikir, mətbuat və məlumat azadlığının, eləcə də plüralizmin inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə, açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan etdi.
Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönələn bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün Konstitusiyada olunan bəzi əlavə və dəyişikliklərdə mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid təmin olundu. Bu isə şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına şərait yaratdı. Qeyd edək ki, həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən də dəstəkləndi.
Cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının yaradılması, jurnalistlərin sosial vəziyyəti və mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin digər tədbirlər mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bunun nəticəsi olaraq ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi isə ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir.
Məlumdur ki, çağdaş dünya dövlətləri arasında gedən açıq və gizli qarşıdurmalar, iqtisadi-siyasi-hərbi müdaxilələr əsasən beş istiqamətdə aparılır. Bunlar su və quru, hava və kosmos, eləcə də virtual aləm vasitəsilə həyata keçirilir. Bu baxımdan müasir texnologiyaya söykənən sonuncu istiqamətin təsir dairəsini önə çəkən dünyanın aparıcı siyasətçilərinin XXI əsri informasiya mübarizəsi əsri adlandırması tamamilə başadüşülən və qəbulediləndir. Sözsüz ki, netokratiyanın, internetin imkanları bu mübarizəni daha da kəskinləşdirib. Həmin səbəbdən istər respublika, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının miqyasını nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası, nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Həmin səbəbdən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Çünki Azərbaycanın uğurlarını qəbul etməyən ermənipərəst dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. İkili standartdan çıxış edən bəzi dairələr tərəfindən Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin tərkib hissələrindəndir. Belə şəraitdə qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır.
Əlbəttə, plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyllərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır. Lakin burada dövlət və milli maraqların üstün tutulması jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməli, "kim nəyi necə istəyir, elə də yazır" praktikasından imtina edilməlidir. Çünki dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ digərinin hüququ başlayan yerdə bitir. Burada müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Qərbin ikona-şəkil demokratiyasına uyan bəzi saytların cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edərək dövlət və cəmiyyətimizi nüfuzdan salmağa çalışması da qətiyyən yolverilməzdir. Çünki belə KİV-lər Qərbdə formalaşan düşüncə və yaşam tərzini cəmiyyətə təqdim etməklə, əslində, özünəməxsus mədəniyyəti olan ölkənin demokratiyanı formalaşdırmasını yox, yad demokratiyanın ölkəni formalaşdırması tezisini müdafiə edirlər.
Halbuki, hər bir xalqın dövlət quruluşu, demokratik durumu onun dini, fəlsəfəsi, incəsənəti ilə, ümumiyyətlə, onun mədəniyyəti ilə birgə vahid bir substansiyanı, vahid ruhu əmələ gətirir. Bu vahiddən onun istənilən tərəfini ayırmaq nə qədər zərərlidirsə, ona anti-milli fikri, sözü calaq etmək də bir o qədər zərərlidir. Təəssüf ki, qərbin cazibəsinə düşən bəzi yazarlar onun demokratiya şablonundan çıxmaq imkanından məhrum olaraq milli kimliyini, adət-ənənəsini unutmaq dərəcəsinə enib, daxili problemlərin ölkə xaricində qərəzli müzakirəsinə can atırlar.
Mətbuatın cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, şübhəsiz ki, problemlərlə bağlı öz sözünü deməlidir. Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Elə ölkəmizdə demokratik təsisatların, o cümlədən fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövlətinin və cəmiyyətin də istəyi budur.
Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, bu gün mətbuat ikinci hakimiyyət kimi dəyərləndirilirsə, bu artıq media ictimaiyyətini üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır.
Artıq bu gün ən qatı opponentlərimizin belə etiraf etdiyi kimi, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafında xüsusi rolu olan media təmsilçiləri də daxil olmaqla, harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Bu fikri xüsusi qeyd edən dövlət başçısı cənab İlham Əliyev deyib: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Media və digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz".
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.