Üçrəngli bayrağımız gözümüzün işığına, qəlbimizin təpərinə, qüruruna çevrilib. Baş əyirik önündə. Bayrağımız Vətəndir, bayrağımız anadır, fəxr ünvanımızdır. Şəhidlərin qanından köynəkləndi, göy türk babalarımızın ruhundan maviləşdi, müqəddəs dinimizin yaşılına büründü. Bir gözəllik, bir aləm, köksümüzü dolduran əbədi sevinc, sevgi, müqəddəs hisslər bəxş edib bizə üçrəngli bayrağımız!
Azərbaycançılığın simvoludur Azərbaycan bayrağı!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Məlum olduğu kimi, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".
Bayrağın ölçüləri ilə bağlı tarixçilər yazır ki, bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üçrəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın göy rəngi türkçülüyü, qırmızı rəng müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir.
Məlumdur ki, Azərbaycan Xalq Cumhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında deyirdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". Azərbaycan Respublikasının rəsmi Dövlət Himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb... Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".
Tədqiqatçılar yazır ki, bayraqda əks olunan rənglərin mənası məlum olsa da, ağrəngli aypara və səkkizguşəli ulduzun mənası barədə yekdil fikir yoxdur. Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağrəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu, XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçib.
Tədqiqatçılar yazır ki, Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddialara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlular və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. Digər fərziyyələr də var.
Qeyd edək ki, 1918-ci ildə Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: türkçülük, islamçılıq və müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olub. Əfqani "Milli birlik fəlsəfəsi və din, əsl mahiyyəti" və "İslam birliyi" kitablarında müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, "ümmətçilik" ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd edib.
Tədqiqatçılardan ABŞ veksilloloqu Uitni Smitə görə, bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. O yazırdı ki, 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə edirdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli".
Qeyd edilənə görə, 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin açılışı zamanı Azərbaycan bayrağı parlament binası üzərində qaldırılıb. Azərbaycan Xalq Cumhuriyyətinin ilk parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngin "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və İslam sivilizasiyasının simvoludur".
Üzeyir Hacıbəyov milli bayrağın rənglərinin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı: "Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu... Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdi. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır". Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cumhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur".
Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Məlumatlara görə, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev deyirdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".
Qeyd edək ki, Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Bununla bağlı sərəncamı dövlət başçısı 2007-ci il noyabrın 17-də imzalayıb. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər yerinə yetirib.
Meydanda inşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. "Ginnes" dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi və himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onun ümumi görünüşünə əlavə çalarlar qatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Prezident İlham Əliyev qeyd edirdi:
"...Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir... Burada Azərbaycanın dövlət rəmzləri-gerbi, himninin mətni, xəritəsi təsvir edilib. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın Dövlət bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır... Bayraq Meydanının yaradılması üçün çox böyük tikinti, quraşdırma, quruculuq işləri görülmüşdür. Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir.
Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilsin...".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.