Məhərrəm Zülfüqarlı: "Bundan sonra diqqətli olmalıyıq və çalışıb ziyalılarımızın qədrini bilməliyik"
Fətullah Gülənin Azərbaycandakı şəbəkəsilə bağlı aparılan araşdırmalar göstərir ki, onların ölkəmizə ilk gəlişi ötən əsrin 90-cı illərinin əvvəlinə təsadüf edir. Yeni müstəqillik qazanan respublikadakı hakimiyyət boşluğundan istifadə edən şəbəkə öz istəklərinə nail olmaq istiqamətində əməli fəaliyyətə başlayıb.
Maraqlıdır ki, onların Azərbaycanda daha çox maraq göstərdiyi sahə təhsil olub. Araşdırmalardan bəlli olur ki, 1993-cü ilə qədər Gülənin məktəblərində artıq 2000-ə yaxın şagird təhsil alırdı. Sonradan onlar "Qafqaz" adlı böyük bir universitetin qurulmasına nail olur. Bununla yanaşı, şəbəkənin ölkənin müxtəlif yerlərində kollecləri və dərshanələri fəaliyyət göstərib. Demək olar ki, bu şəbəkə əsrin dörddə birini əhatə edən dövrü Azərbaycanda olub. Daha dəqiq ifadə etsək, ölkə təhsilinə nüfuz edib. Bu az müddət deyil. Aydındır ki, bir universiteti bağlamaq və ya onun rəhbərliyini dəyişməklə bu problem tam həllini tapmayacaq. Çünki təhsil sahəsinə dərndən oturuşmuş şəbəkəni ordan təmizləmək asan iş deyil. Hazırda gülənçilərin təhsil sistemimizə olan təsir dairəsini necə qiymətləndirmək olar?
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, o vaxt Türkiyədən bura gələn adamları biz qardaş kimi qəbul edirdik: "Biz yenicə müstəqilliyə qovuşmuşduq. Ona görə də Türkiyəyə böyük məhəbbətimiz vardı. Ancaq zaman-zaman apardığımız müşahidələrimiz göstərdi ki, bura ilk gələn adamların çoxunun məqsədi olub. Hətta iş adamı kimi ilk qədəm qoyanların çoxunun fırıldaqçı olduğu üzə çıxdı. Gülənçilərlə bağlı məsələyə gəldikdə isə, onların təhsildə hansı oyunlardan çıxdığını mən öz ailəmin timsalında hiss etmişəm. O vaxt bu kolleclərin dərin savad verməsilə bağlı aparılan təlim məni də vadar etdi ki, oğlumu həmin kolleclərdən birinə qoyum. Ancaq sonradan hiss etdim ki, Sumqayıtdakı kollecdə uşaqlardan hansısa məqsədlər üçün istifadə etməyi planlaşdırırlar. Bunu hiss etdiyimdən, kollecin türkiyəli rəhbərliyinə etiraz etdim, uşağımı oradan çıxardım. Onların fəaliyyətinə yerli məmurlarımızın göz yumması səbəbindən bəzən təhsildə əldə etdikləri nəticələri az qala gözümüzə soxurdular. İş prinsipləri belə idi ki, orta məktəblərin 6-cı sinifindən ən yaxşı oxuyan şagirdləri seçirdilər. Sonra onlara yüksək təhsil haqqı ilə dərs verirdilər. Öz müəllimlərini yüksək əməkhaqqı ilə təmin edirdilər. Bizimkilərə isə qəpik-quruş çatırdı. Öz pulumuzla özümüzü aldadırdılar. Sonra da deyirdilər ki, nəticəyə baxın. Həmin şəraiti bizim ziyalılara yaratsaydılar, əminəm ki, nəticə ondan da yüksək olardı. Uzun müddətdir onlar təhsilə nüfuz edib. Bundan sonra diqqətli olmalıyıq və çalışıb öz ziyalılarımızın qədrini bilməliyik. Hesab edirəm ki, bundan sonra onların təhsilə təsiri minimuma enəcək. Çünki dövlət güclü siyasi iradə ortaya qoyur".
Məhəmmədəli QƏRİBLİ