ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook İranın ABŞ-ın regiondakı mənfəətlərini hədəf alacağı təqdirdə hərbi müdaxilə etmək üçün tərəddüd etməyəcəklərini deyib.
Hook Vaşinqtonda keçirilən “İran rejiminin adından döyüşən qruplara silah dəstəyi və davam edən raket prosesi” başlıqlı yığıncaqda İranın bölgədəki fəaliyyətlərini qiymətləndirib.
Hook İran adına döyüşən qrupların Yəmən, Əfqanıstan, İraq və Səudiyyə Ərəbistanında İrana aid silahlardan istifadə etdiklərini ifadə edərək, İran təhdidinin artdığını və bu vəziyyətə müdaxilə edilməyəcəyi təqdirdə bölgədə gərginliyin artacağını vurğulayıb.
Hook İranın dünya səviyyəsində terrora verdiyi dəstəyin artdığını və regional sabitliyə zərər verdiyini bildirib.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi İranın dəstəklədiyi qrupların Bəsrə və İraqdakı ABŞ konsulluqlarına hücum etməsinə toxunaraq bildirib ki, İran ABŞ-ın bölgədəki maraqlarına hədəf alsa, onlara hərbi cavab verməkdə tərəddüd etməyəcəyik.
Hook Tramp administrasiyasının Orta Şərqdəki hədəfinin "ABŞ-ın müttəfiqlərinin İrana qarşı mövqe tutmasına gətirib çıxarmaq olduğunu" deyib.
İranın 2007-ci ildən bəri Əfqanıstanda Talibana silah dəstəyi verdiyini ifadə edən Hook rəsmi Tehranın terrora dəstəyini davam etdirəcəyi təqdirdə daha çox sanksiya ilə üzləşəcəyini vurğulayıb.