ABŞ prezidenti Donald Tramp G-20-nin Arqentina sammiti çərçivəsində Putinlə planlaşdıran görüşü təxirə salıb.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb onun Kerç boğazında son günlər yaşanan gərginliklə bağlı hesabatla tanış olması olub. Tramp bununla bağlı özünün tvitter hesabında yazır:”Ukraynanın Rusiya tərəfindən saxlanan gəmi və dənizçilərinin ölkəsinə qaytarılmamasını nəzərə alaraq düşündüm ki, Vladimir Putinlə G-20 sammiti çərçivəsində planlaşdırılan görüşümün təxirə salınması bütün tərəflər üçün daha yaxşı olar”. Halbuki, Amerika prezidenti bundan cəmi bir saat öncə Putinlə görüş üçün “çox yaxşı zaman” olduğunu bildirmişdi.
Kremlin sözçüsü Dmitri Peskov isə hələlik onlarda ABŞ tərəfinin görüşü təxirə salması ilə bağlı rəsmi məlumat olmadığını deyib. Bildirib ki, hələlik yalnız sözügedən tviti görüblər.”Rəsmi məlumatımız yoxdur, lakin belədirsə, o halda prezidentin sammit çərçivəsində faydalı görüşlər üçün əlavə bir neçə saatı olacaq”- Peskov deyib.