Kiyevdə heç də hamı ABŞ-ın dəstəyinə və bu dəstəyin davamlılığına əmin deyil. “Strana.ua” “Huffington Post”a istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq maliyyə naziri və ABŞ-dakı səfiri Oksana Markarova deyib.
Onun sözlərinə görə, Ukrayna üçün ABŞ tərəfindən dəstəyin təmin edilməsi “daimi işdir”.
Səfir qeyd edib ki, indi amerikalı qanunvericilər Ukraynaya yardımı həmişəkindən daha çox şübhə altına alırlar. O, ABŞ prezidenti Co Baydenin Ukrayna üçün $24 milyard məbləğində növbəti yardım tranşının təsdiq edilməsi üçün Konqresə müraciət etməsindən sonra nümayiş etdirilən skeptisizmi nümunə gətirib.
“Biz şəffaflığı və hesabatlılığı dəstəkləyirik. Xalqınızın hansı əlavə tədbirlər görməsindən asılı olmayaraq biz hazırıq”, - deyə Markarova Amerika tərəfinə müraciətində vurğulayıb.
Qeyd edək ki, konqresmenlər Baydeni vətəndaşlara Ukraynaya yardımın məqsədlərini izah etməyə çağırıblar.