Narkotik istifadəçisinin silah sahibi olması qadağan edilə bilməz. Trend "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Məhkəməsi qərar qəbul edib.
Xəbərdə qeyd edilib ki, federal məhkəmə narkotik istifadəçilərinin odlu silaha sahib olmasını qadağan edən, onilliklər boyu qüvvədə olan qanunun konstitusiyaya zidd olduğuna qərar verib.
Belə ki, bundan əvvəl avtomobilində tapança və yarımavtomatik tüfənglə saxlanılan narkotik istifadəçisi Patrik Deniels 4 il müddətinə azadlıqdan məhrum edilib. Denielsin avtomobilinin döşəməsində marixuana kötükləri aşkarlanmışdı. O, bəzən narkotiklərdən istifadə etdiyini etiraf etmişdi.
Yeni qərarla Federal Məhkəmə bildirib ki, ABŞ Konstitutsiyasına İkinci düzəliş şəxsin ictimai yerlərdə özünümüdafiə məqsədilə tapança gəzdirmək hüququnu qoruyur.
"Tariximiz və ənənələrimiz sərxoş şəxsin silah gəzdirmək hüququna müəyyən məhdudiyyətləri dəstəkləyə bilər, lakin bu ayıq vətəndaşın yalnız keçmişdə narkotik istifadə etdiyinə görə tərk-silah edilməsinə haqq qazandırmır", - dairə məhkəməsinin hakimi Cerri Smit bildirib.
Qeyd edək ki, 2022-ci ildə ABŞ-də ilin əvvəlindən 400 kütləvi atışma hallarının olduğu müəyyən edilib. Bu hadisələrdə dördən yuxarı insan yaralanıb və həlak olub.