İran hakimiyyəti Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etiraz hərəkatının ildönümü ərəfəsində ağır cəzalar nəzərdə tutan hicab qanunu qəbul etməyə hazırlaşır.
CNN kanalının yaydığı xəbərdə bildirilir ki, 70 maddədən ibarət qanun layihəsi ədliyyə orqanlarında tərtib olunub: “Ölkə parlamentində layihələri hüquqi ekspertizadan keçirən komissiya təklifi təsdiqləyib. Yaxın günlərdə layihəyə Konstitusiyaya Nəzarət Şurasında baxılacaq. Hər bir qanun layihəsi parlamentdə müzakirəyə çıxarılması üçün bu qurumdan keçməlidir. Konstitusiyaya Nəzarət Şurası təsdiqlədikdə layihə parlamentin ümumi müzakirəsinə verilir. Bundan sonra parlament iki aydan gec olmayaraq layihəni müzakirə edib səsverməyə çıxarmalıdır”.
Qeyd edək ki, indi İranda hicab qaydalarını pozma inzibati xəta sayılır. Qaydanı pozanları 50 min rialdan (1,2 dollar) 500 min rialadək (12 dollar) cərimə, yaxud 10 gündən iki ayadək inzibati həbs gözləyir. Yeni qanun layihəsində hicabdan imtina ağır cinayət kimi xarakterizə olunur, 5 ildən 10 ilə qədər həbs, 360 milyon rial (8508 dollar) cərimə təklifi yer alır.
"Əxlaq polisi" adlanan qurumun fəaliyyətinin bərpası da onu deməyə əsas verir ki, hicabla bağlı qaydalar daha da sərtləşəcək və adıçəkilən qanun layihəsi qəbul olunacaq"
Hicabla bağlı yeni qanun layihəsi barəsində fikir bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu qanun layihəsi parlamentdə qəbul edildikdən sonra İran Ali rəhbərliyinin ekspertizasından keçəcək. Daha sonra İranın ali rəhbəri təsdiq etdikdən sonra qüvvəyə minə bilər. Qanun layihəsinin qüvvəyə minməsi üçün bir neçə mərhələ var: "Ancaq mühafizəlar xətt güclü olduğundan, İranda hicab qaydalarının sərtləşəcəyi istisna edilmir. İranda hicab qaydalarının sərtləşdirilməsi dini qaydaların, dini ayinlərin icrasından daha çox, İran hakimiyyətinin özünü müdafiəsinə yonəlib. Çünki hicabın ləğvi və ya bu mövzu ilə bağlı yüngülləşməsi cəmiyyətdə özünəinamı artıraq bilər. Beləliklə, yeni ictimai atmosfer yarana bilər. Bu səbəbdən də Tehran hakimiyyəti yeniliyi qəbul etmədiyindən mühafizəkarcasına hər şeyi olduğu kimi saxlamağa qərar verir. Elə "əxlaq polisi" adlanan qurumun fəaliyyətinin bərpası da onu deməyə əsas verir ki, hicabla bağlı qaydalar daha da sərtləşəcək və adıçəkilən qanun layihəsi qəbul olunacaq".
Günel CƏLİLOVA