Son illərdə Afrika ölkələrində baş verən çevrilişlər Fransanın regionda vazkeçilməzliyini daha da çətinləşdirib. 2020-ci ildə Malidə, 2022-ci ildə Burkina Fasoda baş verən çevrilişlərdən sonra Qərbin ən yaxın müttəfiqinə çevrilən Nigerdə xuntanın hakimiyyəti ələ keçirməsi bölgədə Fransa əleyhinə əhval-ruhiyyəni də artırıb.
Vətəni Müdafiə Milli Şurası (CNSP)" sözçüsü Amadou Abdramane, Nigerin Paris, Abuja, Lome və Vaşinqtondakı səfirlərinin işdən çıxarıldığını, bu ölkələrlə protokolların da ləğv edildiyini açıqlayıb.
Fransa mediası isə prezident Məhəmməd Bazumun devrilməsindən sonra Parisin sadiq və etibarlı müttəfiqinin itirildiyini bildirib. Afrikadakı hadisələrlə bağlı Fransadakı müxalifət partiyaları prezident Emmanuel Makronun böyük məğlubiyyət aldığını vurğulayırlar.
Qeyd edək ki, Malidəki ötən ilki çevrilişdən sonra Rusiyanın xüsusi döyüş şirkəti "Vaqner" boş qalan Fransa bazalarında məskunlaşıb. Nigerdə xuntaya dəstək verən nümayişçilərin Rusiya bayrağını dalğalandırması "Vaqner"in çevrilişdə Rusiya təsiri olduğu iddialarını gücləndirir. Ümumiyyətlə çevrilişin arxasında Rusiyanın olub-olmadığı ilə bağlı tez-tez iddialar səsləndirilsə də, hələlik ortada konkret məlumatlar yoxdur.
Məlumat üçün bildirək ki, Rusiyada uğursuz üsyana rəhbərlik edən, lakin hələ də fəal olan "Vaqner"in lideri Yevgeni Priqojin Nigerdəki hərbi çevrilişi “yaxşı xəbər” adlandırıb və asayişin bərpasında kömək təklif edib.
Son illərdə Afrikada müstəmləkəçilik əleyhinə hərəkatlar və ritorika artmağa başladığı üçün Fransanın bölgədəki ticarəti zəifləyib. Fransanın boşluğundan istifadə edən Çin bölgəyə investisiyalarını artırır. 2020-ci ilin sonuna Çinin Nigerdəki investisiyaları 2,68 milyard dollara çatıb.
Çinin enerji nəhəngi "Sinopec" də ötən may ayında Nigerlə neft-qaz sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. 2007-ci ildə Çinin milli nüvə şirkəti CNNC Azelik uran mədəninə görə hökumətlə əl sıxmışdı.
Niger, uran ehtiyatları ilə də Fransa üçün iqtisadi əhəmiyyət kəsb edən bir ölkə kimi seçilir. Ancaq çevrilişdən sonra hakimiyyəti ələ keçirən hərbi xunta Fransaya uran ixracını dayandırıb. Keçən həftə paytaxt Niameydə nümayişçilər Fransa səfirliyini hədəfə alıb, fransız əsgərləri və Fransa səfirindən ölkəni tərk etməyi tələb ediblər.
Qərb dünyasının Sahel bölgəsindəki son müttəfiqi Nigerdəki çevriliş, ölkədə minlərlə əsgəri olan Fransada böyük narahatlıq yaradıb. Bütün bunlarla barışa bilməyən Fransa bəzi Afrika ölkələrini Nigerə hərbi müdaxiləyə razı salmağa çalışır.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) çevrilişçilərə verdiyi vaxt da bu gün başa çatır. Sözügedən birlik ölkələrinin ABŞ və Fransanın təhriki ilə Nigerə hərbi müdaxilə edəcəyi gözlənilir. Mali və Burkina Faso isə Nigerə müdaxiləni özləri üçün müharibə elanı kimi qiymətləndirəcəklərini açıqlayıblar.
TAHİR